Xəbər verdiyimiz kimi, Naxçıvan MR-in Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Belə ki, kənd ərazisindəki 3, 7 və 40 mərasimlərində ehsan verilməyəcək. Bildirilib ki, hər hansı kənd sakini bu qaydanı pozarsa, həmin şəxsin keçirdiyi yasda sakinlər iştirak etməyəcək.

Bir neçə ildir yas məclislərində israfçılığa yol verilməsi ilə bağlı müzakirələr gedir. Bir çoxları yas mərasimlərinin sadə şəkildə keçirilməsinin tərəfdarı olduğunu söyləyir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, bu məsələ uzun müddətdir Azərbaycan cəmiyyətində geniş müzakirə olunur. 

O təəssüflə qeyd edib ki, bu günə kimi burada heç bir dəyişiklik görmür: "Hələ də yas məclislərində israfçılıq davam edir. İsrafçılıq yas məclislərində özünü açıq şəkildə göstərir. Hesab edirəm ki, bu məsələyə yanaşma ciddi şəkildə dəyişməlidir. Burada həm vətəndaşlardan, həm də dövlətdən asılı məsələlər var. Eyni zamanda, bu məsələnin normativ sənədlərlə tənzimlənməsinə ehtiyac var. Hamı narazıdır, buna baxmayaraq hər dəfə yas məclislərində israfçılıqların şahidi oluruq. İmkansız təbəqə bu məsələdən geniş əziyyət çəkir. Dinimizdə də bu məsələ məqbul deyil".

Deputat vurğulayıb ki, dinimizdə yas məclislərinin bu formada, israfçılıqla keçirilməsi günah əməllərdən biri sayılır:

"Din israfçılığın əleyhinədir. Əgər insanlarımız ehsan vermək istəyirlərsə, ehsan etmək niyyətindədirlərsə, bunun üçün uşaq və ahıllar evlərinə maddi yardım edə bilərlər. Bununla yanaşı, təhsil almaq imkanı olmayan şəxsə dəstək göstərmək olar. İnsanlar məsələyə bu mənada yanaşmalıdırlar. Yas məclislərində israfçılığa son qoymalı və bundan xilas olmalıyıq. Həmçinin, geniş maarifləndirmə və təbliğa işləri aparılmalıdır ki, yas məclislərinin bu formada keçirilməsinə ehtiyac yoxdur".

Anar Kəlbiyev