Avropa Komissiyası (AK) Ukrayna taxılının tədarükünə qoyulan qadağanın müddətini uzatmaqdan imtina edib.

"Unikal" xəbər verir ki, Ukrayna Avropa İttifaqına taxıl tədarükündə artımın qarşısını almaq üçün tədbirlər görmək öhdəliyini öz üzərinə götürüb. Kiyev fəaliyyət planını 18 sentyabr 2023-cü il bazar ertəsi işin bağlanmasından gec olmayaraq təqdim etməlidir.

AK dörd kateqoriya kənd təsərrüfatı məhsullarının ixracının Aİ bazarına təsiri ilə bağlı məlumatları təhlil edib. Nəticədə hazırkı tədbirlərin bu gün başa çatması qərara alınıb. Bəyanatda deyilir ki , AK Ukrayna tərəfindən effektiv tədbirlər görüldüyü və tam fəaliyyət göstərdiyi müddətdə hər hansı məhdudiyyət tətbiq etməkdən çəkinəcək .

Macarıstan, Rumıniya, Slovakiya və Polşa taxıl idxalına qoyulan məhdudiyyətin bu ilin sonuna qədər qüvvədə qalmasını xahiş edirlər. Ölkələr hesab edirlər ki, qadağa aradan qaldırılarsa, bu ölkələrin kənd təsərrüfatına böyük ziyan dəyəcək.

Macarıstanın baş naziri Viktor Orban daha əvvəl bildirmişdi ki, Avropa İttifaqından olan səlahiyyətlilər Ukraynaya qonşu olan ölkələri aldadıb, Afrika ölkələrində aclığın qarşısını almaq üçün onları Ukrayna taxılının ixracı üçün sərhədləri açmağa inandırıblar. Onun sözlərinə görə, afrikalı uşaqlar “vəd edilən çörəyin bir kiloqramını da görməyiblər”.