Sentyabrın 19-da Füzuli rayonu ərazisində ağır yol qəzası nəticəsində həlak olan polis əməkdaşı, 1994-cü il təvəllüdlü Abdullayev Seyfi Fəqan oğlu ilə vida mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, Şamaxı şəhər Cümə məscidində böyük izdihamla cənazə namazı qılındıqdan sonra, mərhum dəfn olunması üçün Şamaxının Qaleybuğurd kəndindəki ata yurduna aparılıb.

Vida mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərhum Şamaxının Qaleybuğurd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Seyfi Abdullayevin tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub.

Qeyd edək ki, sentyabrın 22-də, öz doğum günündə Seyfi Abdullayevin Bakı şəhərində nişan mərasimi keçiriləcəkdi.