Şoran torpağa dönüşən məmləkət
22:52 02-04-2013
CƏMİYYƏT
Şoran torpağa dönüşən məmləkət
“Biz dönüb torpaq olluq, torpaq bizim olunca!” Sevantesin şedevr əsərinin girişində yer alan bu misraları hər zaman Qarabağ mövzusu gündəmə gələrkən xatırlamalı oluram.
Addım-addım adamlarımız torpaq həsrətini torpağa qovuşmaqla yekunlaşdırırlar. Biz siyasət adamlarının əsas görəvi bəlkə də cəmiyyətimizin ən ümidsiz anlarında belə inam pompalayacaq bir aura yaratmaq sayıla bilir. Ancaq bizim siyasət fəlsəfəmizdə əsas mövqeni hətta itirəcəklərimizin daha çox ola biləcəyi riskini də gözə alaraq, toplumda ümidsizlik yaradacaq olsa belə, inandığımız doğru dəyərləri ardıcıl müdafiə etmək tutur. Hərdən soruşanda ki “müəllim, bizim axırımız necə olacaq?”, cavabım qısaca olur: “Axırımız elə budur. Biz yeni bir başlanğıca məhkumuq!”
Sanki Azərbaycan insanının çoxu hər şeydən öncə insanın yaşamaq, azadlıq və mülkiyyət hüququnun qorunmasını təmin edən dəyərlərə münasibətdə ciddiliyi itirmiş. Güldürmək bir suiçim. Ağlatmaq ondan da rahat. Dinini ciddiyə almaz. Hüququ, ədaləti, dostluğunu, düşmənçiliyini ciddiyə almaz.
Bu sözlərdən sonra gerilikçi düşüncə sahiblərinin bizi sevməyəcəkləri bilinən bir şey. Çünki onların oyuncaqlarını əlindən alırsan. Onların anladığı tarixdən fərqli bir tarix danışırsan. Doğruluğunu qəbul etmək istəmirlər. Sənə əsəbiləşirlər. Onların yaşadıqları bidətlərlə dolu dindən fərqli bir din yaşayırsan. Onlar qəzəbindən bütün bütləri başına çırpmaq istəyirlər.
Onları səhnədə sırtıq davranışları ilə güldürənlərə gülürsən. Üzərinə dişlərini qıcayırlar. Onları mərsiyə zarıltısı ilə ağladana gülürsən. Yenə də qəzəb püskürürlər. Siyasətdə yeni bir qala qurmaq istəyirsən. Hər tərəfdən atəşə verib yandırmaq istəyirlər. Ən ağırı da yanında duran ətalət insanlarının ”Sənin axı nə işin bu məsələlərlə?” deyibən hər an səni geri itələmə səylərini görürsən.
Anlamaq istəmirlər ki, mən öz dəyərlərimi ciddiyə alıram. Mən öz dinimi ciddiyə alıram. Mən öz dostluğumu, düşmənçiliyimi ciddiyə alıram. Anlamaq istəmirlər ki, iyirmi il öncə bizim nəslin əsas hədəfi nəyin bahasına olursa-olsun, iqtidara gəlməkdi. İndi burada bir sıra mühüm düzəlişə ehtiyac duyduq. Çünki bugünkü dəyərlərin daşıyıcısı olan Azərbaycan cəmiyyəti ilə hakimiyyətə gəlib mövcud hakimiyyətdən fərqli nə göstərə biləcəksən? İnanın ki, müxalifətçiliyi insana nifrət, qisasçılıq motivləri üzərində qurulmuş bir zehniyyətin revanşı Azərbaycanı yox etməyə belə gətirib çıxara bilər. Oxumuşu oxumamışından daha bəsit, dinçisi dinsizindən daha imansız bir düşüncə dominant durumdadır bizim məmləkətdə. Artıq bizim üçün əsas hədəf yeni dəyərlər daşıyan, doğru hədəflərə indeksləşmiş, çağdaş və doğru mühakimə tərzini mənimsəmiş insanlarla iqtidara gəlməkdir.
Tez-tez şalvar, balaq, saqqal, hicab, cihad, halal-haram, iman mövzularını İslamın ən aktual problemləri sırasında təbliğ edən insanlarla sosial məkanda qarşılaşırıq. Yəhudi nifrəti, xristian antipatiyası, buddist lağlağısı söhbətlərin əsas mövzusu olur. İslam aləminin geriliyi barədə söz düşəndə isə hər kəs müsəlmanlara qarşı ABŞ başda olmaqla Qərb ölkələrinin etdiyi zülmdən, ədalətsizlikdən söz açmağa başlar. “Taliban”, “Hizbullah”, HƏMAS, “Müsəlman Qardaşlar”, İrandakı İnqilab Keşikçiləri Korpusu və s. ayrı-ayrı formatlanmış qurumlar müsəlman kimlikli fərdlərin və qrupların qürur mənbəyi sayılmaqda.
Ancaq bu geridə qalmışlığı, zəlaləti, cəhaləti müsəlmanların özlərinə qarşı etdiyi zülm olaraq dəyərləndirən mühakimə sahiblərinin də sayı artmaqdadır. Çünki birbaşa mühakimə yanlışlığı bizə Qarabağ savaşını uduzdurmuş. Sizə Fələstini uduzdurmuş. Bu mühakimənin yanlışlığı bizi Arazın bir tayından o biri tayına ayrı-ayrı düşüncə koduna sahib insanlar kimi baxmağa məhkum etmiş. Ümumi şəkildə müsəlmanlar yəhudiləri, masonları suçlayaraq geriliklərinə səbəb olaraq göstərirlər. Bu yerdə “Al-Baraka” Bankının müdiri Hafiz Məhəmmədin bir söyləşisini xatırlatmaq istərəm: “Bütün dünya yəhudiləri bir yerdə 14 milyondur. 7 milyonu ABŞ-da, 6 milyonu Asiyada, 2 milyonu Avropada, 100 min nəfər də Afrikada yaşamaqda. Dünyada müsəlmanların sayı 1,5 milyard. Bir milyard nəfər Asiyada və Orta Doğuda, 400 milyon Afrikada, 44 milyon Avropada, 5 milyon Amerikada. Yer üzündə hər 5 kişidən biri müsəlmandır. Hər bir yəhudiyə qarşılıq 107 müsəlman var. Ötən 110 il içində 180 yəhudi, 3 müsəlman Nobel almış...”
İndi tapın görək necə olur ki, az sayda yəhudi müsəlmanlardan bu qədər güclü ola bilir? 57 ölkədən ibarət olan bütün İslam ölkələrində yalnız 500 universitet var. ABŞ-da 5758, Hindistanda 8407 universitet var. İslam ölkələri universitetlərinin bir də ilk 500 universitet içində adı yoxdur! Xristian dünyasında 90 faiz insan oxuyub yazma bilir. İslam dünyasında bu rəqəm 40 faizi aşmır. İslam ölkələri milli gəlirlərinin sadəcə 2 faizini bilim üçün xərcləməkdədir. Xristian ölkələrində bu rəqəm 5 faizdir.
İndi bu müqayisəni Qarabağ savaşını uduzmuş hər bir azərbaycanlı ermənilərə qarşı aparsın. Yenə də başlayaq 40 milyon azərbaycanlı və dünyada sayı 8 milyonu keçməyən erməninin durumunu müqayisə etməyə. Say, təhsil səviyyəsi, diaspor təşkilatlanması, təbliğat qabiliyyəti, elm potensialı, zənginlərinin xeyriyyəçilik fəaliyyəti... daha nələr, nələr. Bizim üstünlüyümüz əsasən sayımızdadır. Qalan məsələlərdə geridə qalmışlığın səbəblərini ya doğru düşünmürük, ya da heç düşünmürük. Ən əsası da, Allahın bəxş etdiyi sərvətləri küstahcasına dağıdan bir məmləkət, bir insan tipajları hələ ki, bu müqayisənin nəticəsində geridə qalmışlığı etiraf edəcək gücdə deyil.
Sonda torpaq bizim oldu-olmadı, biz torpaq olacağıq. Bəs nə edək ki, heç olmazsa, şoranlaşmış torpağa deyil, əkinə yararlı torpağa çevrilək? Bunun üçün torpaq olmazdan öncə adam olmağa, adam kimi dövlət qurmağa, adam kimi doğru mühakimə ortaya qoymağa, adam kimi idarə etməyə, adam kimi vətəndaş olmağa son dəfə cəhd edəkmi?
Digər Xəbərlər
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36