Xəbər verdiyimiz kimi, bu gün Yevlaxda Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb. Konstruktuv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb, reinteqrasiya üzrə planlar təqdim edilib.
Milli Məclisin üzvü Fazil Mustafa "Unikal"a açıqlamasında bildirib ki, görüşdə ilk növbədə Azərbaycanın tələbləri müzakirə olunub. Onun sözlərinə görə, gəldilər, etiraf etdilər ki, təslim olurlar:
"Tələblərimiz onlara təqdim olunub. Gedib onları müzakirə edib cavab verəcəklər. Cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq. Sanki görüşdən bir nəticə çıxmalı idi. Ermənilər siyahı, mina xəritəsi verməli idilər. Belə bir şey yoxdur. Əsas odur ki, tələbimizi qoymuşuq, bununla razılaşdılar, nümyəndələrini göndərdilər və müzakirə başladı. Biz mövqelərimizi möhkəmlətmişik. Əsas lazım olan yerə gedib çıxmışıq. Nəticəni də görüşdən çox sahədə ortaya qoymuşuq. O baxımdan bu bir günlük proses deyil. Bu məsələdə nəticə olacaq və hər hansı problem qalmayacaq", - deyə deputat vurğulayıb.
Anar Kəlbiyev