Gənc nəslin fərdi və peşəkar inkişafına dəstək məqsədilə 10 ildən artıq müddətdir ki, "Azercell" şirkəti tərəfindən reallaşdırılan “Tələbə Təqaüdü Proqramı” çərçivəsində bu il də tələbə adını qazanmış şəhid övladları və həyat yoldaşları üçün təqaüd təqdim olunacaq.
"Unikal" xəbər verir ki, Ali təhsil ocağına daxil olmuş daha 5 abituriyent təhsil müddətinin sonunadək hər təhsil ayı üçün təqaüd alacaq.
Qeyd edək ki, mobil operator təqaüdü 400 AZN məbləğində təyin edib. Tələbələr aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək, şirkətdə təcrübə keçmək şansı əldə edəcəklər.
Qeyd edək ki, "Azercell" daima şəhid və qazi ailələrini diqqət mərkəzində saxlayır, xüsusi sosial layihələrin təşəbbüskarı və təşkilatçısı kimi çıxış edir. Mobil operator şəhid ailəsini himayəyə götürüb, Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borclarını ləğv edib. “Böyük Ürəklərdə Kiçik Xatirələr” layihəsi çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edərkən şəhidlik zirvəsinə ucalan hərbçilərimizin övladları üçün psixoloji dəstək məqsədilə təlimlər təşkil edilib. Həmçinin balacaların öz qəhrəman ataları haqqında xatirələrindən ibarət kitab dərc olunub. Şirkət Şanlı Azərbaycan ordusuna sonsuz hörmətin təcəssümü kimi Qələbə Günü münasibətilə müharibə veteranı statusuna malik olan bütün vətəndaşlarımızın istifadəsinə “Veteran tarifi” təqdim edib.