5-12 sentyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.
Nazirlikdən "Unikal"a verilən xəbərə görə, müsahibə mərhələsində iştirak etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən elan edilən vakant vəzifələrə qeydiyyatdan keçən 488 namizəddən 456-sı imtahanda iştirak etmiş, onlardan 246 nəfər tələb olunan keçid balını toplamış, 147 nəfərin uyğun hesab edildikləri vəzifələrə təyinatları ilə bağlı qərar qəbul edilmişdir. 99 nəfər isə ehtiyat kadrlar siyahısına daxil edilmişdir.
Müsabiqənin müsahibə mərhələsinin nəticəsindən narazı olan namizədlər şikayətlərinə baxılması məqsədilə 25 sentyabr 2023-cü il saat 17:00-dək [email protected] elektron poçt ünvanı vasitəsilə Nazirliyin Apellyasiya Şurasına müraciət edə bilərlər.
Müsahibənin nəticələri ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: https://bit.ly/46ng9Ft
Qeyd: Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər iddia etdikləri müvafiq vəzifələrə təyin olunmaları məqsədilə 30 sentyabr 2023-cü il tarixinədək uyğun hesab edildikləri məktəblərə yaxınlaşaraq qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək namizədin müvafiq vəzifəyə yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.