Bu gün Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Qarabağda lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi zamanı 20.09.2023-cü il tarixdə Xocavənd rayonunda Şəhid olan Qubadlı şəhər sakini baş leytenant Abbasov Zamin Xaqani oğlu ilə vida mərasimi keçirilib. 

"Unikal" xəbər verir ki, vida mərasimində Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatları- İmamverdi İsmayılov, Ceyhun Məmmədov, Sumqayıt şəhər SHXÇDX-nin komissarı Natiq Qarayev, Sumqayıt şəhər icra hakimiyyətinin əməkdaşları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ümumtəhsil məktəblərinin kollektivləri, Şəhidimizin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib. Sonra Şəhidin ruhuna dualar oxunulub. 

Şəhid Abbasov Zamin Xaqani oğlu 08.03.1993-cü ildə Qubadlı şəhərində anadan olmuşdur. 31 avqust 1993-cü ildə Qubadlı rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində məcburi köçkün kimi Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışdır. 2000-ci il tarixdə Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinə daxil olmuşdur. 2008-ci ildə 8-ci sinfi bitirən Zamin C.Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 2011-ci ildə oranı bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olmuşdur. 2015-ci ildə Akademiyanı bitirdikdən sonra peşəkar kadr kimi hərbi sənətə yiyələnmişdir. Ermənistanla şərti sərhəddə, ön xətt briqadasında xidmət keçmişdir. Xidməti dövründə dəfələrlə komandanlıq tərəfindən Fəxri Fərman və döş nişanları ilə təltif edilmişdir. 2016-cı il aprel döyüşləri zamanı xüsusi şücaət göstərmiş, komandanlıq tərəfindən “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. 2020-ci il 44 günlük Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmiş, tabeçiliyində olan hərbi qulluqçuları birinin belə burnu qanamadan müharibənin sonunadək sağ-salamat aparıb çıxarmışdır. Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov tərəfindən, həmçinin korpus komandiri tərəfindən təşəkkürnamə və Fəxri Fərmanlarla təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Abbasov Zamin Xaqani oğlu “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təttif edilmişdir. 

Şəhid Abbasov Zamin Xaqani oğlu həmçinin 2021-2022-ci illərdə qısamüddətli əməliyyatlar zamanı tabeçiliyində olan hərbi qulluqçularla birgə xüsusi şücaətlər göstərmişdir. 

20.09.2023-cü il tarixdə Azərbaycan Respublikasının Qarabağda lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi zamanı Abbasov Zamin Xaqani oğlu Xocavənd rayonunda düşmən snayperindən açılan atəş nəticəsində aldığı yaradan Şəhid olmuşdur.