Kitab oxumaq fərqli dünyalara açılan qapıları kəşf etməyin ən zövqlü və asan yollarından biridir. Daha öncə heç tanımadığımız yerləri tanımaq, görmək, eşidə bilməyəcəyimiz hadisələrə şahid olmaq və ən doğru bilgilərə sahib olmaq üçün ən ideal addımdır.  Kitab oxumaqla dəyərlərimizə qatıla biləcək xüsusiyyətləri saymaqla bitməz. Ən vaciblərinə nəzər salaq: Kitab oxumaq bu günün ən qlobal problemlərindən olan söz azlığını aradan qaldırır.

Bunun səbəbi oxumağın bizi aşina olmadığımız yeni kəlmələr, çeşidli fikirlər və deyimlərlə tanış etməyidir. Yeni kəlmələrlə qarşılaşdıqca, onları danışıq üslubumuza daxil etdikcə  yavaş-yavaş söz ehtiyatımız zənginləşməyə və bunun nəticəsində də nitq qabiliyyətimiz inkişaf etməyə başlayır. 

İkinci səbəblərdən kitabların tarix, bilik və sənət də daxil olmaq üzrə bir çox çeşidli mövzularda insanın məlumat toplusuna dəyər qatmağıdır. Fərqli mövzular haqqında oxuduqca, tədricən zehni biliklərin formalaşmağı, artmağı eləcə də qarışıq mövzuları daha yaxşı qavramaq qabiliyyəti də  yaranmağa başlayır. 

Kitab oxumaq eləcə də günün yorğunluğunu unutmağa ,yaşam streslərindən uzaqlaşmağa və tamamilə başqa dünyaya keçiş etməyimiz üçün ideal vasitələrdən ola bilər.

Oxuduqca xəyal gücümüzün, düşüncə qabiliyyətimizin artmağına şahid olacağıq. Normalda olan düşüncələrimizdən fərqli olaraq xəyal gücümüz inkişaf etdikcə daha öncə ağlımıza gəlməyən yeni fikirlər və çarə yolları  kəşf edəcəyik. Bununla yanaşı qeyd etmək lazımdır ki, kitablara yalnızca spesifik bilgi mənbəyi kimi baxmaq da yanlışdır. Kitab həm də insanın yaxın dostu, özünə edə biləcəyi ən böyük yaxşılıqdır, məncə.

Qarşındakı insanı anlaya bilmək üçün ən önəmli bacarıq empatiya qurmaq bacarığıdır. Empatiya hadisələri və mövcud durumları qarşındakı insanın gözü ilə görə bilmək qabiliyyətidir. Hazırkı zamanda insanlar arasında ən çox ehtiyac duyulan və gərəkli olan xüsusiyyətlərdən sayılır. Kitablar ümumiyyətlə, fərqli baxış bucağı və düşüncələr yaratdığından empatiya bacarığını inkişaf etdirməyin ən yaxşı yollarından sayılır. İnsanlar arasında anlayışı yaratmaq, rahatlığı təmin edə biləcək əmin-amanlığı bərqərar etmək empatiyadan keçir, buna isə kitab oxuyaraq fərqli mədəniyyətlər, keçmişlər, və yaşam formaları haqqında məlumat toplayaraq nail olmaq olar.

Bu gün günümüzdə insanların bir-birini düzgün anlamaması, xarakterlər arasındakı kəskin ziddiyət, insan duyğularının heçə sayılmasının səbəbi anlayışın olmamağıdır. Qiraətimizi artırdıqca üzüntü, əsəb, sevgi kimi qarışıq hisləri daha asanlıqla çözmək və ya istənilən neqativ halda asayişi bərpa etmək qabiliyyəti, durumları ələ almaq bacarığımız da inkişaf edir. Buna səbəb bədii əsərlərdə, ədəbiyyatda müxtəlif xarakterli insanların iç dünyası ilə yaxından tanış olmaq, onlarla tanış olduqca yaşadığımız olaylarla və insanlarla müqayisə etmək, beləliklə də hadisələrin gedişatına daha olğun yanaşmaqdır.

Oxumaq sevgisi bir insanın yaradıcılığını müsbət şəkildə yönləndirir. Yeni fikirlərə və fərqli düşünmə şəkillərinə bu şəkildə malik olmaq insanın özünəməxsus yaradıcı düşüncəsini inkişaf etdirməyinə imkan yaradır. Qəbul etdiyimiz yeni bilgilərlə yeni düşüncə gücünə yiyələnirik, bunun nəticəsində isə yaradıcılıq fəaliyyəti də inkişaf yoluna qədəm qoyur.

Kamilliyə -o zirvəyə çatmağın tək yolu bilgi sahibi olmaqdır. Düşüncələri daima işlək vəziyyətdə saxlamaq , yetkin bir fərd olmaq, müstəqil və düzgün fikirlərə sahib olmaq kitab oxumağın bizə yaratdığı avantajlardandır. 

“Tarixdən dərs almayanlar onu təkrarlamağa məhkumdur" sözü məşhur bir kəlamdır. Keçmişdə yaşanılan xətalardan dərs almaq, ondan doğru nəticə çıxarmaq üçün oxumaqdan başqa çıxış yolunun olmadığını hər kəs anlamalıdır. Cahilliyin yaratdığı bədbəxtlikləri saymaqla bitməz, bunu günümüzün ən ağrılı mövzusu hesab edirəm. Bəsit düşüncənin, sağlam baxışın formalaşmadığı cəmiyyətdən yüksəliş, rifah gözləmək olmaz. Millətimiz, vətənimiz, dövlətimiz üçün, xoşbəxt gələcəyimiz naminə “beşikdən məzar evinə qədər” hər kəs oxumalı, maariflənməlidir. O zaman qovuşar qaranlıqlar aydınlığa. O zaman suveren dövlət, bütöv Azərbaycanımızı yaşatmaq əmin əllərə təslim oluna bilər. Cəmiyyətimizdə baş verə biləcək insanlıqdan kənar hadisələr, psixoloji vəziyyəti normal olmayan insanlar və onların verdiyi yanlış qərarlar, bu qərarın yükü altında əzilənlərlərin sayı o zaman minimuma endirilə bilər. Bəlkə, o zaman susar vicdan əzablarının harayı, insanlığın dilsiz fəryadı, qadınlarımızın çarəsizliyi, qız uşaqlarının gücsüzlüyü… 

Bəlkə, o zaman susar ərşə qalxan zalımın zülmü, insaf yoxsullarının, imandan bixəbərlərin əməli… Dinər məzlumun ahı…

Qafil yuxusuna gedənləri ayıldan, aldığı ahları ahəstə-ahəstə ödətdirən haqq yoludur elmə sitayiş. Maarif amallı, elm məqsədli qiraət yolundan gedək,yolumuz çıraq olsun arxamızca gələn gənc nəsillərə. Qaranlıqlardan nura boyansın zehniyyətimiz, cəmiyyətimizi irəli aparan bütün yollarda var olaq. Varam mən, Azərbaycan övladı kimi vətənimin xoş güzəranı naminə bu gün də,yarın da davam edəcək maariflənmək amaclı mübarizələrin ən ön sıralarında yerimi alacağam. Bu bir işıq yoludursa, əlimizdən gələni əsirgəməyək, biz birlikdə güclüyük. 

Oxuyaq, oxutduraq, yaşayaq,yaradaq… 

Ekspert Gülər Mübariz