27 Sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da anım tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, anım tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və əlilləri, Qazax Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim-tələbə heyəti, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında keçirilən anım tədbirində əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri yad edilib.
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.
Tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini, qaziləri salamlayıb, ürək sözlərini çatdırıb. Şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbirində iştiraklarına görə şəhid ailələrinə və qazilərimizə razılığını ifadə edib. İcra başçısı bildirib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, ölkə başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr respublikamızda Anım Günü kimi qeyd edilir.
Sentybarın 19-dan etibarən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən söz açan rayon rəhbəri antiterror tədbirləri nəticəsində bizim hərbçilərimizin növbəti dəfə böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini bildirib. Antiterror tədbirləri zamanı əldə edilən uğurlu nəticələrin Azərbaycanın növbəti qələbəsi olduğunu söyləyib.
Rayon rəhbəri ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, Qarabağ və Vətən müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışıb. Ölkə rəhbəri tərəfindən imzalanan Sərəncam və Fərmanlarda bu təbəqədən olan insanlara göstərilən qayğının xüsusilə əks olunduğunu vurğulayıb.
Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb.
Vətən müharibəsi şəhidi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 44 günlük Vətən müharibəsində, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizlə qürur duyduğunu söyləyib.
Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş əsgər Babək Həsənovun anası Gülarə Həsənova çıxış edərək 27 sentyabrın 44 günlük Vətən müharibəsində tarix yazan şəhidlərimizin anım günü olduğunu, bu gün hər bir Azərbaycan vətəndaşının şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib. Şəhid anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Bakı vaxtilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.