İsmayıl Ömərovun yerinə yeni sədr axtarılır
11:48 05-04-2013
İQTİSADİYYAT
İsmayıl Ömərovun yerinə yeni sədr axtarılır
İTV "şef"inə qarşı tənqidlərin boşuna olmadığı təsdiqlənir
Bir müddətdir ki, mətbuatda və bəzi deputatların dili ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovun ünvanına səslənən ittihamlar və tənqidlər əbəs deyilmiş. Belə görünür ki, həmin ittiham və tənqidlər artıq onun bu postda vəzifə müddətinin bitməsi və yenidən görəvinə seçilməsinin önlənməsi ilə birbaşa bağlı imiş.
Məsələ burasındadır ki, dünən Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib. Qurumdan verilən məlumata görə, müsabiqədə iştiraka dair tələblər aşağıdakılardır: namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı; namizəd ali təhsilli olmalıdır.
Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş, fəaliyyət
qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər tələb olunan sənədləri 4 aprel 2013-cü il tarixdən 19 aprel 2013-cü il tarixədək Milli Televiziya və Radio Şurasına təqdim etməlidirlər.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra "İctimai Televiziya və Radio Yayımı haqqında" Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin siyahısı İctimai Televiziya və Radio Yayım Şurasına təqdim ediləcək.
Əslində MTRŞ-in elanı ilk baxışda prosedur gərəyi sayıla bilər; Amma yazının əvvəlində də qeyd etdiyimiz kimi, son aylarda İsmayıl Ömərovun ünvanına ciddi irad, iddia və tənqidlərin səsləndirilməsi, onun haqqında müəyyən kompromatların dövriyyəyə buraxılması əslində İTV rəhbərinin yenidən bu posta seçilməyə biləcəyi yönündə ehtimalları artırır.
Gəlin həmin iddia və ittihamları qısaca xatırlayaq: söhbət ondan gedir ki, İsmayıl Ömərovun ötən il büdcədən İTV-yə ayrılan vəsaitlərin bir hissəsini təyinatı üzrə xərcləmədiyi və şəxsi biznes qalmaqalının həllinə yönəltdiyi iddia olunur. Belə ki, 2012-ci ildə dövlət büdcəsindən İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) 15 milyon manatdan bir qədər artıq vəsait ayrılıb, daha sonra Ömərovun
nəzarətindəki tikinti şirkəti ilə vətəndaşlar arasında narazılıq yaranıb. Bildirilir ki, həmin tikinti şirkəti İTV rəhbərinin qardaşı Ələsgər Ömərov tərəfindən idarə olunurmuş.
Ümumiyyətlə Ömərovların tikinti imperiyasına "Arabaçı" kiçik müəssisəsi, "Folklor", "Fateh" və "Nes" MTK-lar daxildir. Təxminən ilyarım əvvəl yayılan məlumatlarda bildirilirdi ki, "Folklor" və "Fateh" MTK-lar əsasən Əhmədli qəsəbəsində, "Arabaçı" və "Nes" isə Yeni Yasamalda göydələn ucaltmaqla məşğuldur.
İsmayıl Ömərovun tikinti şirkətinin insanlara 26 milyon manat borcunun olması barədə iddialar ötən il ortaya çıxıb və hətta bəzi deputatlar tərəfindən də dilə gətirilib. Vətəndaşların narazılığı baş qaldıranda və məsələ deputat və KİV-lər tərəfindən ictimailəşəndə isə Ömərov narahat olmağa başlayıb, mənzillərdən imtina edən vətəndaşların pullarının geri qaytarılması qərarlaşdırılıb, həmin pulların bir hissəsi banklardan birindən götürülən kreditlər, bir hissəsi isə məhz büdcədən İTV-yə ayrılan vəsaitin müəyyən bir qisminin "silinməsi" hesabına geri ödənilib.
Bir sözlə, istər İTV-yə ayrılan maliyyə vəsaitlərinin şəffaf xərclənməsi yönündə dərin şübhələr, istərsə də İsmayıl Ömərovun tikinti biznesi ətrafında qalmaqal ona etimadı sarsıdıb. Elə bu səbəbdən də artıq vəzifə müddəti başa çatan İTV direktorunun yenidən bu görəvə seçilməyəcəyi proqnozlaşdırılır.
Ehtimal olunur ki, onun adı ətrafında skandallı məlumatlar, açıqlamalar əslində həm də məhz buna hesablanıbmış. Ömərovun hakimiyyət içində əvvəlki dəstəyini itirməsi, zaman-zaman hətta hökumətin özündəki nüfuzlu şəxslərlə, hakimiyyətə yaxın çevrələrlə müəyyən intriqalarda olması, özünü vəzifəsində hədsiz arxayın hiss etməyə başlaması İTV direktoru ilə üzülüşmək üçün əsaslar yarada bilərdi.
Hər halda onun postuna yeni sədr axtarışının yalnız prosedurdan irəli gəlmədiyi, yuxarıda sadaladığımız məqamları göz önünə aldıqda, ciddi əsaslara söykəndiyi az şübhə doğurur. Bu ehtimalın gerçəkləşib-gerçəkləşməyəcəyini isə əlbəttə, zaman göstərəcək. Necə deyərlər, yaşayıb görəcəyik.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55