Əkbər Hacıyev çətin durumda
11:02 06-04-2013
İQTİSADİYYAT
Əkbər Hacıyev çətin durumda
Sahibkarlar “Azəriqaz” rəhbərindən ölkə rəhbərliyinə şikayətə hazırlaşır
Son vaxtlar Azərbaycanın qazlaşdırılması ilə bağlı hökumət ciddi addımlar atmaqdadır. Hətta bu ilin sonunadək Azərbaycanda qazlaşdırma səviyyəsinin 95%-ə çatdırılması hədəf kimi müəyyənləşdirilib.
Əlbəttə, bu, təqdirəlayiq prosesdir, amma yayılan məlumatlar onu göstərir ki, qazlaşdırma prosesi heç də nöqsanlarsız ötüşmür. Burada xüsusilə bir neçə il əvvəl ARDNŞ-in nəzarətinə verilən “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyindən daxil olan şikayətlər və narazılıqları qeyd etmək lazımdır.
Məsələn, müstəqil ekspertlər hesab edir ki, “Azəriqaz” rəhbərliyinin ölkədə sürətli qazlaşdırma siyasəti həyata keçirildiyinə dair hesabatlarının reallığı əks etdirmədiyini söyləməyə əsas verir. Belə məlumatlar verməsinin arxasında isə sənədləşdirmədə aparılan saxtalaşdırmalar dayanır. Məsələ burasındadır ki, əsas şərt kimi təbii qazın yaşayış məntəqəsinə daxil olması göstərilir. Bu halda yaşayış məntəqəsinin tam qazlaşdırılıb- qazlaşdırılmaması nəzərə alınmır. Yəni, 1000 evin olduğu bir qəsəbədə 10 evə qaz çəkilibsə, bu yaşayış məntəqəsi artıq qazlaşdırılmış hesab olunur. Hətta ötən il KİV yazırdı ki, “Azəriqaz”ın yenicə qazlaşdırdığı kəndlərdə evlərin böyük əksəriyyətinə qaz xətti çəkilmədiyi halda, sənədlərdə təbii qazın verildiyi göstərilir. Bunun nəticəsidir ki, yerli TV-lər soyuqlar düşən kimi Azərbaycan regionlarında insanların qazsızlıqdan əziyyət çəkdiklərinə dair süjetlər nümayiş etdirirlər. Məsələn, hələ 2008-ci ildə Ağcabədi rayonuna qaz verilməsi ilə bağlı təntənəli tədbir keçirilmişdi, ancaq 2 il sonra orda olan həmkarlarımız hələ də rayon mərkəzindəki evlərin, hətta hərbi hissənin belə qazsız olduğunu aşkarlamışdı.
Başqa bir misal. Bakının mərkəzində minlərlə abonent var ki, smart-kart tipli sayğacı da var, onları öz vəsaitləri hesabına alıblar, ancaq qazı yoxdur və nə vaxt olacağı da bilinmir. Ona görə, statistika ilə insanların qaz təminatı arasında kəsgin fərq mövcuddur. Başqa sözlə desək, qazlaşdırma sənəd üzərində aparılır, amma nəticədə xərcləndiyi iddia edilən milyonlarla manat vəsaitin taleyi üzərində ciddi şübhələr yaranır.
Hətta qazlaşdırma prosesini həyata keçirən bəzi firmalar da çətin vəziyyətdə qalıblar. Bununla bağlı redaksiyamıza daxil olan məlumatda bildirilir ki, təxminən 10-dək firma “Azəriqaz”ın sifarişini həyata keçirmək üçün işə başlayıblar və onların adıçəkilən İstehsalat Birliyi ilə bu məsələ ilə əlaqədar konkret müqavilələri də var. Ancaq iş burasındadır ki, “Azəriqaz” sifarişin yerinə yetirilməsi prosesində hissə-hissə ödəməli olan vəsaitin yalnız 10-15 faizini firmaların hesabına keçirir və bundan sonra ödəmə prosesi dayanır.
Bildirilir ki, elə firma var ki, “Azəriqaz”ın təxminən 2 milyon manatlıq sifarişini yerinə yetirib, amma buna görə “Azəriqaz”dan vur-tut 200 min manat civarında ödəmə alıb.
İcraçı firmalar adıçəkilən İstehsalat Birliyindən pullarını dəfələrlə tələb etsələr də, hər dəfə bununla bağlı onlara vəd verilməklə kifayətlənilib, belədə pis vəziyyətdə qala iş adamlarının məsələni ölkə rəhbərliyinin diqqətinə çatdırmaqdan başqa çıxış yolu qalmır. Onlar bildirirlər ki, belə davam edərsə, onlar üzləşdikləri situasiya ilə prezidentə şikayət xarakterli müraciət göndərmək məcburiyyətində qalacaqlar .
Qeyd edək ki, bu ilin fevralında ölkə başçısı iri məmurlara sahibkarlara gördürdükləri işin haqqını vaxtında, heç bir incidilməyə yol verilmədən ödəmələrini tapşırmışdı. Doğrudur, orada konkret olaraq, icra başçılarına xitab edilmişdi. Amma aydın məsələdir ki, bundan digər məmurlar da lazımi nəticə çıxarmalı idilər. İndi belə çıxır ki, Əkbər Hacıyevin rəhbərlik etdiyi “Azəriqaz” başbilənləri ya ölkə başçısının həmin sərt xəbərdarlığından xəbərsizdirlər, ya da bu xəbərdarlığı diqqətə almaq onlara sərf etmir.
Hər bir halda qarşıdakı günlərdə sifarişçi “Azəriqaz”la icraçı firmalar arasındakı haqq-hesab qanuni şəkildə yoluna qoyulmasa, bu problemin böyüyəcəyi və Əkbər Hacıyev üçün ciddi problemlər yaradacağı şübhəsizdir.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40