"Hər kəsin bilməsini istəyirik ki, PKK/KCK, PYD/YPG-nin bütün obyektləri və fəaliyyətləri qanuni hədəfimiz olacaq".

"Unikal" xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​Daxili İşlər Nazirliyinin qarşısında törədilən terror aktı ilə bağlı açıqlamasında bildirib.

Terrorla mübarizənin artan intensivliklə davam edəcəyini vurğulayan nazir Yaşar Gülər:

"Bildiyiniz kimi, bazar günü Daxili İşlər Nazirliyimizin qarşısında uğursuz terror aktı baş verdi. Qəhrəman polislərimiz bu cəhdə dərhal reaksiya verdilər və 2 terrorçunu zərərsizləşdirdilər. 

Türkiyə Silahlı Qüvvələri olaraq terrora qarşı mövqeyimiz ilk gündən dəyişməz olaraq eyni prinsiplərlə davam edir.
Müvafiq bölmələrimiz tərəfindən aparılan araşdırmalar nəticəsində 2 terrorçunun PKK/KCK, PYD/YPG üzvü olduğu və Suriyadan gələrək bu hərəkəti törətdikləri müəyyən edilib.

Əvvəla, hər kəsin bilməsini istəyirik ki, PKK/KCK, PYD/YPG-nin Suriya və İraqdakı bütün obyektləri və fəaliyyətləri bu günə qədər olduğu kimi bundan sonra da qanuni hədəfimiz olacaq.

Terrorla mübarizəmiz bu coğrafiyadan qanlı terrorçular yox olana qədər artan şiddət, əzm və qətiyyətlə davam edəcək”.