Rəqiblərindən Natiq Əliyevə yeni həmlə
11:03 06-04-2013
İQTİSADİYYAT
Rəqiblərindən Natiq Əliyevə yeni həmlə
Sənaye və energetika naziri yoxlamaların qarşısını ala bilmədi
Sənaye və energetika naziri Natiq Əliyev də Hesablama Palatasının auditi nəticəsində hədəfə gələn iri məmurlar sırasına qoşuldu. Belə ki, Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatda dövlət büdcəsindən Sənaye və Energetika Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinin auditi üzrə nəticələr barədə məlumat verilib. Hesabatda bu nazirlikdə bəzi nöqsanların aşkarlandığı qeyd olunub.
Belə ki, auditlə əhatə olunan dövrdə ştatların 32,5 faizə qədərinin vakant olması və bəzi xərclər üzrə proqnozların düzgün hesablanmaması ayrılmış vəsaitlərdən tam istifadə edilməməsi ilə nəticələnib, əmək məzuniyyətindən geri çağırılan işçilərə kompensasiya ödənilib və işçilərə kollektiv mükafatlar verilib, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməsi zəruri olduğu halda, məzuniyyət verilən işçi 3-4 gündən sonra məzuniyyətdən geri çağırılıb, növbəti aylarda ödənişsiz məzuniyyət təmin edilməyib.
Xarici ölkələrə xidməti səfərlərlə əlaqədar ezamiyyə qaydalarının tələblərinin düzgün tətbiq edilməməsi nəticəsində artıq büdcə vəsaiti xərc edilib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin siyahısında nəzərdə tutulmadığı halda artıq nəqliyyat xərcləri ödənilib və alınmış aviabiletlərə tətbiq olunan xidmət haqlarının baha olması səbəbindən əlavə vəsait sərfinə yol verilib, ölkədaxili ezamiyyələr zamanı artıq ezamiyyə xərci ödənilib, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı təsdiqedici sənədlər olmadan və şəxsi məqsədlər üçün telefon danışıqlarına görə vəsait ödənilib, noutbuklar istismar müddəti başa çatmadan silinib və s.
Nazirlik dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsi üzrə də bir sira ciddi pozuntulara yol verib. Bu nöqsanlar əsaən Şəki, Şirvan və Kürdəmir, Xaçmaz, Sumqayıt, Tovuz, Gəncə və Lənkəran regional sektorlarının inzibati binalarının tikintisi ilə əlaqədardır.
Aşkarlanan qanun pozuntularından sonra nazirlik Hesablama Palatasının qəbul etdiyi qərara uyğun addımlar atmağa məcbur olub.
Belə ki, Sənaye və Energetika Nazirliyi əməkdaşlarının xarici ölkələrə xidməti səfərlərilə əlaqədar artıq xərc edilmiş 9,3 min manat, bir sıra xarici ölkələrə xidməti səfərlərlə əlaqədar nəqliyyat xərci üzrə artıq ödənilmiş 4,1 min manat, Dövlət Enerji Nəzarəti və Dövlət Qaz Nəzarəti İdarələri tərəfindən işçilərin ölkədaxili ezamiyyətləri ilə əlaqədar xərclərin hesablanması zamanı qüvvədə olan normaların düzgün tətbiq edilməməsi nəticəsində artıq ödənilmiş 2,3 min manat, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı təsdiqedici sənədlər olmadan xərclənmiş 14 min manat və Dövlət Qaz Nəzarəti İdarəsi üzrə xidməti telefonlardan edilən şəxsi zənglərə görə ödənilmiş 0,3 min manat vəsait dövlət büdcəsinə qaytarılıb.
Həmçinin, dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsi zamanı layihə-smeta sənədlərində nəzərdə tutulmadığı və yerinə yetirilmiş iş həcmlərinin artırılması nəticəsində artıq ödənilmiş 20,9 min manat vəsait podratçı təşkilatlar tərəfindən dövlət büdcəsinə bərpa olunub, 2,3 min manat debitor və 5,6 min manat kreditor borc müvafiq qaydada bağlanılıb.
Qeyd olunan maliyyə pozuntuları ilə əlaqədar Sənaye və Energetika Nazirliyi Maliyyə-mühasibat şöbəsinin əməkdaşlarına xəbərdarlıq edilib və bir şöbə müdiri işdən azad olunub.
Diqqət yetirirsinizsə, Hesablama Palatasının auditi zamanı o nazirlərin rəhbərlik etdiyi qurumlar korrupsiya, mənimsəmə və digər nöqsanlarla baş-başa qalır ki, ya onlar hökumətin təsir imkanları, nüfuz dairəsi etibarilə zəif fiqurları sayılır, ya da onların iqtidar içində çox ciddi, ağırçəkili rəqibləri var.
Elə Natiq Əliyevin nazirliyinin də Hesablama Palatasının auditi yolu ilə hədəfə gətirilməsi bununla bağlıdır. Sənaye və energetika naziri başda ARDNŞ prezidenti olmaqla, hakimiyyət daxilindəki bəzi qruplarla ixtilaf içindədir və hesab etmək olar ki, Palatanın açıqladığı faktlar Natiq Əliyevin ictimai və media qınağına tuş gətirilməsinə hesablanıb.
Nazirin bu rəqiblərinə cavabının necə olacağı isə indidən maraq doğurur.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40