“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah İsveçin “Hekken” klubuna qarşı keçirəcəyi oyundan öncə mətbuat konfransına qatılıb.
"Unikal" xəbər verir ki, “Dagens Nyheter” nəşrinin isveçli jurnalisti Yens Littorin Qurban Qurbanova bir neçə sual, o cümlədən Qarabağdakı vəziyyətlə bağlı təxribat xarakterli sual ünvanlayıb. Littorin "Ermənilərin Qarabağı tərk etməsi sizə necə təsir edir" deyə sual verib.
“Qarabağ”ın baş məşqçisi “Orada nə baş verdiyini hamı yaxşı bilir” deyə cavab verib:
"Hamı bilir ki, biz öz torpağımızda yaşaya bilmirdik. Bu gün azərbaycanlılar öz torpaqlarına qayıdırlar. Eyni zamanda Qarabağdan gedən hər kəsə hər cür yardım edilir, onların rahatlığı üçün hər şey edilir. Onlar yemək və su ilə təmin olunublar. Ərazilərimizin qaytarılması komandanı çox sevindirir. Özümüzü daha yaxşı hiss edirik. İndi biz sakitik. Qarabağ həmişə Azərbaycanın ərazisi olub”.