Ermənipərəst senator Robert Menendezin həyat yoldaşı Nadin Arslanyan piyadanı vuraraq öldürsə də, cinayət təqibindən yaxa qurtarıb.

"Unikal" xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, ölümlə nəticələnən qəza 2018-ci ilin dekabrında Nyu-Cersi ştatının Boqota şəhərində baş verib. Lakin medianın diqqətini cəlb etməyib və heç bir ittihamla nəticələnməyib.

Avtomobili senator Robert Menendezin gələcək həyat yoldaşı Nadin Arslanyan idarə edib.

Daha sonra o, polisə bildirib ki, avtomobil yolu keçmək üçün onun qarşısından yola çıxan kişini görməyib. Qəza nəticəsində 49 yaşlı Riçard Koop dünyasını dəyişib. Bergen Dairəsi Tibbi Ekspertizasına görə, onun cəsədi yolun kənarına atılıb və parçalanıb.

Qısa sorğu-sualdan sonra polis maşında tək olan Nadin Arslanyanın (Menendez) “günahsız” olduğu qənaətinə gəlib. Ona qarşı heç bir ittiham irəli sürülmədən buraxılıb.

Qəzet qeyd edir ki, bəzi faktlar polisin bu hadisəni susqunluqla qarşıladığına əsas verir.  Belə ki, polisin məlumatına görə, Nadin Arslanyan hadisə baş verdikdən sonra narkotik və alkoqol müayinəsindən keçirilməyib, R.Koopun yaxınlıqdakı xəstəxanada öldüyü elan edilməzdən bir müddət əvvəl ona hadisə yerini tərk etməyə icazə verilib.