Azərbaycan Turizm və Menecment Universitetində (ATMU)”Erasmus+” proqramı çərçivəsində keçirilən görüşdə Rumıniyanın Aleksandru İoan Cuza Universitetinin Coğrafiya fakültəsinin nümayəndələri- Mihai Bulai və Rosu Lucian İonut akademik heyətin mübadiləsində maraqlı tərəf olduqlarını bildiriblər.

"Unikal" xəbər verir ki, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa isə söhbət əsnasında universitetlərarası əlaqələrin gücləndirilməsi, müştərək proqramların təşkili, həmçinin mümkün imkanlardan istifadə məsələlərini səmərəli müzakirə predmeti kimi dəyərləndiriblər. 

Rumıniyanın Aleksandru İoan Cuza Universitetinin ATMU-ya ezam olunan əməkdaşları adıçəkilən proqramın icrası müddətində universitetin Turizm və qonaqpərvərlik fakültəsinin bakalavr və magistratura səviyyəsi üzrə təhsil alan tələbələrinə “Turizm sənayesində risklər”adlı mühazirə saatı təşkil ediblər. Dərsin keçirilməsində başlıca məqsəd  təbii risklərin dünya turizminə təsir mexanizmi, iqlim dəyişikliyinin fəsadları,  Rumıniya və Azərbaycan məkanında təbii fəlakətlər zamanı gözlənilən iqlim anomaliyalarından yaranan statistik göstəricilərin gəlmə və getmə turizmdə müqayisəli təhlilindən ibarət idi.Rumıniyalı təhsil mütəxıssisləri  müvafiq kursun tələbələrinə öz vətənlərində  həyata keçirilən müvafiq tədbirlərin Azərbaycan ərazisində səmərəli tətbiq yollarına da münasibət bildiriblər.Beynəlxalq turizm bazarında yaranan yeni inkişaf trendləri ətrafında aparılan diskussiyalar gələcək turizmçilər tərəfindən maraqla qarşılanıb. 

 Akademik heyətin mübadiləsi üzrə təşkil olunan səfərin sonunda tərəfdaş universitetin əməkdaşları sertifikatla təltif olunublar.