74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində yerli və beynəlxalq media nümayəndələrinin iştirakı ilə netvörkinq keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə media nümayəndələri Nobel qardaşlarının ev muzeyində təşkil olunan ekskursiyada  iştirak ediblər.

Qonaqlara məlumat verilib ki, “Villa Petrolia” adlanan bina Nobel qardaşlarının İsveçdən kənarda yerləşən yeganə ev muzeyidir. Muzeydə nümayiş olunan Nobel qardaşlarının istifadə etdiyi məişət əşyaları, həmin dövrü əks etdirən müxtəlif eksponatlar qonaqların böyük marağına səbəb olub.

Daha sonra Azərbaycan Respublikasının Kosmik Agentliyinin İdarə heyətinin sədri Saməddin Əsədov açılış nitqi ilə qonaqları salamlayıb. 50 ildən sonra yenidən Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi kimi mötəbər bir tədbirin təkcə kosmos sahəsində çalışan insanlar üçün deyil, digər sahələrin mütəxəssisləri üçün də geniş əməkdaşlıq platforması olduğunu vurğulayıb. Tədbirin ictimaiyyətə çatdırılmasında göstərdikləri dəstəyə görə media nümayəndələrinə təşəkkürünü bildirib.

Bakının  tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini deyən Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faytinqer kosmik ictimaiyyətin fəal üzvü olan Azərbaycanın nəzərəçarpan uğurlarının olduğunu söyləyib. Media nümayəndələrini bu uğurların geniş auditoriyaya çatdırılmasında fəal iştirak etməyə dəvət edib.

Tədbirdə Azərbaycanın tanınmış jurnalistləri, TV və onlayn media rəhbərləri dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərlə fikir mübadiləsi aparıb, qarşılıqlı olaraq təcrübələrini bölüşüblər.