ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni spiker seçilməzdən əvvəl Vaşinqtona gələrək ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçılarla danışıqlar aparmağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

Bildirilir ki, səfər gələn həftənin əvvəlində baş tuta bilər. Qeyd olunur ki, bu, Trampın 2021-ci il yanvarın 6-da prezident seçkilərinin nəticələrindən narazı olan tərəfdarlarının orada iğtişaşlar törətməsindən sonra Kapitoli təpəsində ilk çıxışı olacaq. Respublikaçı qanunvericilərdən biri izah edib ki, Trampın səfərinin məqsədi partiyanı birləşdirməkdir.

Xatırladaq ki, oktyabrın 3-də Amerika qanunverici orqanının aşağı palatasında əksəriyyət Kevin Makkartinin spiker postundan uzaqlaşdırılmasına səs verib. ABŞ tarixində ilk dəfə olaraq Nümayəndələr Palatasının sədri vəzifəsindən uzaqlaşdırılıb. Patrik Makhenri (Şimali Karolinadan olan respublikaçı)  yenisini seçənə qədər spiker vəzifəsini icra edəcək.