"Bu günə qədər xeyli dövlət müəssisələri özəlləşdirilib və təəssüflər olsun ki, ilk özəlləşdirmə zamanı qiymətləndirilmələr düzgün aparılmayıb. Nəticədə dövlət əmlakı qəpik-quruşla ayrı-ayrı vəzifəli şəxslərin özünə və ya himayə etdiyi şəxslərə keçib. Dövlət büdcəsinə milyardlarla əskik vəsait ödənilib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

O bildirib ki, nə zamansa bu məsələlər ortaya çıxacaq və məhkəmələr qurulacaq: "Çünki, dövlətin malı dövlətin və xalqındır. Əgər dövlət malı bazar qiymətlərindən on, bəzən yüz dəfələrlə aşağı qiymətləndirilib pay-püşt edilibsə, bu məsələ onilliklər keçsə də gündəmə gələcək və müzakirəyə çıxarılacaq. Bu şəxsən mənim üçün çox prinsipial məsələdir. Ona görə də dövlət əmlakı bazar qiymətlərinə uyğun düzgün qiymətləndirilməlidir ki, qazanan dövlət büdcəsi olsun, ayrı-ayrı şəxslər yox. Elə olur ki, bir şəxsə, biznesmenə, yaxud da adi vətəndaşa təcili pul lazım olur. O, əmlakını girov qoyub pul götürür, yaxud məcburiyyət və təzyiq qarşısında daşınar və daşınmaz əmlakını girov qoymalı olur. Qiymətləndirilmə zamanı o əmlak bazar qiymətindən 30-40, bəzən 50 faiz ucuz dəyərləndirilir. Ağır şərtlər və təzyiqlər altında olan şəxs, sahibkar, yaxud digər şəxs isə məcburiyyət qarşısında ağır şərtlərə razılaşır".

Anar Kəlbiyev