Azərbaycan Rusiya və ABŞ qarşıdurmasının mərkəzində
11:09 09-04-2013
İQTİSADİYYAT
Azərbaycan Rusiya və ABŞ qarşıdurmasının mərkəzində
Regionda proseslərin nəzarətdən çıxmaması üçün nə etməli?
Regionda siyasi atmosfer kifayət qədər gərginləşir və deyəsən güclərin üz-üzə gəlmə anı artıq yaxınlaşır. Söhbət Qafqazda Rusiya ilə ABŞ-in mövqe savaşından gedir. Gəlin öncəliklə proseslərin inkişafına baxaq. Bir il öncə Vladimir Putin prezident seçkilərindən öncə bəyan etdi ki, Rusiya Gömürük İttifaqının və Avrasiya birliyinin yaradılmasını özünün priroritet mövzusu elan edir və possovet ölkələrini bu birliyə cəlb etməyə çalışacaq.
İdeyalar Avropada birmənalı qarşılanmadı və bu sovetlərin yaradılması kimi xarakterizə edildi. Deməli Avropa və ABŞ hərəkət etməli və regionda nüfuzunu artırmalı idi. Çünki ABŞ regiondan nə qədər uzaqda durursa Rusiya bir o qədər təsir imkanlarını artırmağa çalışır. Vladimir Putinin açıqlamasından sonra aydın oldu ki, Ukrayna, Azərbaycan və Gürcüstan istisna olmaqla digər ölkələr Rusiya prezidentinin bu təşəbbüsünü dəstəkləyir. Əslində üç ölkənin bu birliyə maraq göstərməməsi ABŞ üçün daha vacib idi və buna görə də təxirəsalmadan bir sıra addımların atılmasına start verildi. Aydın oldu ki, hər zaman hərbi gücə üstünlük verən Rusiyanın regionda yenə hərbi manevrlər etməsini əngəlləmək üçün ABŞ NATO imkanlarından yararlanmaq istəyir. Bunun üçün isə ortada konkret təkliflər var. Bunlar nədir?
1. NATO qoşunlarının Əfqanıstandan çıxarılaraq Azərbaycan və Gürcüstan vasitəsi ilə daşınması və bir müddət NATO qoşunlarının bu ölkələrdə qalmasını təmin etmək
2. NATO-un iştirakı ilə Türkiyə-Azərbaycan-Gürcüstan ittifaqının dərinləşməsinə nail olmaq.
Hazırda bu istiqamətdə işlər gedir və bu günlərdə Azərbaycanda olan Gürcüstanın müdafiə naziri də bəyan etdi ki, birgə hərbi təlimlər üçün ciddi işlər gedir. Bununla yanaşı qısa zaman ərzində Gürcüstan prezidenti və baş naziri Azərbaycanda oldu, Gürcüstan-Türkiyə-Azərbaycanın baş diplomatları bir araya gəldi. Daha sonra isə Gürcüstan prezidenti Mixail Saakaşvili Türkiyənin baş naziri R?c?b Tayyıb ?rdoğanla görüşdü.Sözsüz ki, sonuncu görüşdə Rusiyanın regiona artan təzyiqini müzakirə etmək və NATO-un regiona təsir imkanlarını aydınlaşdırmaq idi. “NATO-ya gedən yol Türkiyə ilə dostluq və qardaşlıq əlaqələrinin qurulmasından keçir”. Bunu Gürcüstanın prezidenti Mixail Saakaşvili Türkiyənin Bursa vilayətində gürcü mənşəli yerli əhali ilə keçirdiyi görüş zamanı deyib. "Bu gün siz ölkələrimiz arasında körpü rolunu oynayırsınız. Siz Gürcüstan üçün Avropaya açılan pəncərəsiniz. NATO-ya gedən yol Türkiyə ilə dostluq və qardaşlıq əlaqələrinin qurulmasından keçir. Siz yalnız Türkiyənin vətəndaşları deyilsiniz, siz eyni zamanda, Türkiyənin müvəffəqiyyətli vətəndaşlarısınız" - deyə Saakaşvili bildirib.Əslində Saakaşvilinin Azərbaycana səfəri zamanı da bu mövzu əsas müzakirə mövzusu olmuşdu və səfərdən sonra Saakaşvili açıq şəkildə çıxış edərək bildirdi ki, Rusiya Gürcüstanda olduğu kimi Azərbaycanda da hakimiyyəti devirmək istəyir. Bu isə sübut edir ki, regionda ciddi oyunlara artıq start verilib. Bəs Rusiya bunun qarşılığında hansı addımları atır?
1. Region dövlətlərini iqtisadi məsələlərlə yola gətirmək. Bunu da qeyd edək ki, Rusiya Ukrayna ilə danışıqlar apararaq bildirmişdi ki, Ukrayna yeni ittifaqa daxil olarsa qazı dünya bazarındakı qiymətlərdən iki dəfə ucuz satacaq
2. Region ölkələrində milli münaqişələrin yaranmasına təsir etməklə özlərindən aslı durumu artırmaq
3. Ərazisində etnik problemlər olan ölkələri açıq şəkildə şantaj etmək.
4. Ölkələrin daxili siyasi proseslərinə müdaxilə edərək hətta hakimiyyətlərin dəyişdirilməsinə çalışmaq
Bunu da qeyd edək ki, hazırda Rusiya bu məqsədlə daha çox təzyiqləri Azərbaycana yönəldib. Nəyə görə məhz Azərbaycana?
- Azərbaycan regionda kifayət qədər müstəqil siyasət yürüdə bilir və iqtisadi-hərbi potensialı kifayət qədər artıb
- Azərbaycan həmçinin Gürcüstanın Rusiyadan aslılığını azaldan və bu ölkənin müttəfiq tərəfə çevrilməsini təmin edə bilir
- Azərbaycan qərbin enerji təhlükəsizliyini təmin etməklə Rusiyanın strateji planlarını qəbul etmir
- Türkiyə-Azərbaycan müttəfiqliyi regionda yeni blokun yaranmasına təsir edir
Sözsüz ki, Rusiya bunlarla razılaşa bilməz və buna görə də Azərbaycan əsas hədəf elan edilib. Bəs, Rusiya Azərbaycana hansı formada təzyiqlər etmək niyyətindədir?
- Dağlıq Qarabağ probleminin daha da mürəkkəbləşməsinə nail olmaq və bunu ATƏT-in Minsk qrupu çərçivəsində reallaşdırmaq
- Ölkədə milli azlıq problemini qabardaraq bundan istifadə etmək
- Rusiyada yaşayan azərbaycanlılardan hakimiyyətə qarşı istifadə etmək
- Ermənistanın hərbiləşməsini təmin etməklə hərbi balansı regionda pozmaq
Bu arada aydın olub ki, Rusiya Azərbaycan üçün şimal bölgəsində də ciddi problemlər yaratmağa həvəslidir.
Belə ki, bir müddət öncə Rusiya hərbi birləşmələri Azərbaycanla sərhəd bölgələrində yerləşdirildi. Daha sonra isə Dağıstan prezidenti dəyişdirildi və həmin qüvvələr başqa bölgələrə yerləşdirildi. İndi isə vəziyyət yenidən dəyişib. Belə ki, Rusiya Federasiyası Dağıstan Respublikasının Qusar rayonu ilə həmsərhəd ərazilərində Rusiya qoşunlarının cəmləşməsi müşahidə olunur. Mənbələr bildirir ki, qoşunların cəmləşməsini Qusar rayonunun kəndlərindən adi gözlə də müşahidə etmək mümkündür. Elə Dağıstana gedib-gələn yerli sakinlər də bu faktı təsdiqləyir.
Xəbərdə bildirilir ki, rus qoşunları əsasən Dağıstanın Məhərrəmkənd rayonu istiqamətində cəmləşdirilir, orada hərbi texnikanın və müxtəlif təyinatlı qüvvələrin artması müşahidə olunur. Dağıstanın Azərbaycanla sərhəd ərazilərində rus qoşunlarının cəmləşdirilməsinin səbəbləri barədə məlumat yoxdur. Bununla belə hazırda Dağıstanda vəziyyətin gərgin olduğu və müntəzəm olaraq yaraqlılarla təhlükəsizlik qüvvələri arasında döyüşlərin baş verdiyi məlumdur. Bu yaxınlarda qəzetimiz belə xəbər almışdı ki, Rusiya yazın gəlişi ilə bölgədə radikal qruplaşmalara daxil olan yaraqlılara qarşı irimiqyaslı əməliyyatlar keçirməyə hazırlaşır. İddia edilirdi ki, bu əməliyyatın gedişində yaraqlıların bir qrupunun Azərbaycana keçməsi “təşkil oluna”, ardınca rus qoşunları sərhədi keçə bilər.
Ekspertlər hesab edir ki, bir neçə il öncə Rusiya eyni üsuldan istifadə edərək Gürcüstana qarşı 5 günlük müharibə elan etdi və Gürcüstan Abxaziyanı işğal edə bildi. Müşahidəçilər düşünür ki, Rusiya eyni üsuldan istifadə edərək Azərbaycana da həmlələr edəcək. Düzdür bu uzun müddətli və Gürcüstanda olan nəticələr kimi nəticələr yaratmayacaq. Sadəcə olaraq Rusiya bu metoddan istifadə etməklə Azərbaycanın şimal bölgəsinə nəzarəti tam öz üzərinə götürə bilər. Çünki bir müddət öncə Rusiya radikal terror təşkilatı olan “Sadval” təşkilatını da aktivləşdirdi və onlarda öz növbəsində Azərbaycanın şimal bölgəsində Ləzgistan respublikası yaratmaq iddialarını bir daha bəyan etdilər. Yəni Rusiya çalışır ki, öz gücünü nümayiş etdirərək Azərbaycanın şimal bölgəsində milli münaqişələr formalaşdırsın. Belə olarsa Azərbaycan ikinci bir problemdə yaşamalı olacaq, digər tərəfdən isə Dağlıq Qarabağ probleminin həlli daha da mürəkkəbləşəcək. Çünki Azərbaycan üçün əlavə problemlər yaranacaq və bu problemlər Dağlıq Qarabağa təsirsiz ötüşməyəcək. Bəs bunun qarşısını almaq üçün Azərbaycan hansı addımları atır?
Ekspertlər bildirir ki, Rusiyanın belə riskli addım atmaması üçün Azərbaycan bir sıra məsələlərə xüsusi önəm verməlidir. İlk növbədə Rusiyanın təxribatlarına aldanmamalı və proseslərin hərbi müstəviə keçməsini əngəlləməlidir. Bundan başqa beynəlxalq güclərin Azərbaycana diqqətini daha da artırmalıdır. Bunu da qeyd edək ki, beynəlxalq güclər, o cümlədən ABŞ-da sakit durmur və eyni addımlar bu tərəfdən də atılır. Elə ABŞ dövlət katibinin regona, Türkiyəyə səfəri də bunun bariz nümunəsidir. Belə ki, ABŞ-ın dövlət katibi Con Kerri Türkiyəyə səfəri zamanı Azərbaycanın Dağlıq Qarabağ problemini müzakirə edib. Kerri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşündə ATƏT-in Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi və eləcə də Azərbaycanın ermənilər tərəfindən işğal olunan rayonlarının azad olunması ilə bağlı geniş müzakirə aparıb.
Müzakirələrdə regional məsələlər, Cənubi Qafqazdakı vəziyyət, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması, ATƏT-in Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bunu da qeyd edək ki, ABŞ-da bilir ki, Rusiya regionda təsirini artırmaq üçün Dağlıq Qarabağ problemindən bəhrələnməyə çalışır və bu səbəbdən problemin həlli üçün manevr imkanlarını genişləndirəcək. Artıq ABŞ analitikləri də hakimiyyətdən tələb edirlər ki, ölkənin regionda maraqlarını təmin etmək üçün Ağ ev Rusiyanın ATƏT-in Minsk qrupundakı təsirini azaltmalı və bunun qarşılığında Türkiyənin regiona təsirini artırmalıdır. ABŞ dövlət katibinin regiona səfəri də məhz bu məqsədlədir. Bunu da qeyd edək ki, regionda Türkiyənin liderliyini əngəlləyən ölkələrdən biri Rusiya idisə, digəri də İsrail idi. Amma artıq İsrail ABŞ-in dəstəyi ilə Türkiyə ilə üz-üzə dayanmaqdan geri çəkildi və bu refiondakı proseslərə də öz təsirini göstərəcək.
Sonda bunu da qeyd edək ki, yaxın zamanlarda ABŞ-in və Avropanın Ermənistana da təsiri arta bilər. Çünki hazırda Ermənistan regionda Rusiyanın əsas müttəfiqi kimi fəaliyyət göstərir və bir sıra problemlərin problem olaraq qalmasına yardımçılıq edir. Bunu isə artıq heç kəs qəbul etməyəcək. Hesab edilir ki, Fransa xarici işlər nazirinin Azərbaycana səfəri zamanı bu məsələdə də ciddi addımlar atıla bilinər. Qeyd edək ki, bu il Azərbaycanda prezident seçkiləri ilidir və bu proses sona çatan kimi Azərbaycan regionda daha səmərəli addımlar ata biləcək. İndi isə buna hər bir sahədə ciddi hazırlıqlar görülür.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40