"Bilirsiniz İlham Əliyevin ən böyük xidmətlərindən biri nədir? Dünyada baş qaldıran və günü-gündən daha da ruhlanan erməni separatizmini dayandırmaq. Erməni diasporunu zəiflətdi və onun liderlərindən biri olan Ruben Vardanyanı zərərsizləşdirdi, mənəvi cəhətdən sındırdı. Yoxsa, erməni separatizmi Türkiyədə, Gürcüstanda və Rusiyada da başlayacaqdı. Məhz bu xidmətinə görə də İlham Əliyev ayrıca mükafata layiqdir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında deputat Razi Nurullayev deyib. O bildirib ki, xərçəng kimi yayılan "dənizdən-dənizə" erməni ideologiyası "dağ çayından su kanalına" səviyyəsinə endi.
"Prezident İlham Əliyevin etdiklərini və apardığı davamlı, zəncir kimi bir-birinə bağlı proseslərdən ibarət, eyni zamanda bir-birini məntiqi sonluqla tamamlayan, amma mürəkkəb bir siyasətin şahmat fiqurları kimi gedişlərini dünyanın heç bir hərbi və diplomatik məktəblərində öyrənmək mümkün deyil. Ona görə də bu siyasəti, diplomatiyanı, regionda və dünyada gedən prosesləri öz xeyrinə həll etmə bacarığını ayrıca bir fakültə kimi, mərkəz kimi öyrənmək lazımdır".
Anar Kəlbiyev