Məlum olduğu kimi, Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən və Qarabağın erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüşlərdən sonra separatçı rejim özünü buraxdığını elan etdi.
Əldə olunan razılığa əsasən, separatçıların hər biri öz silah-sursatlarını Azərbaycan tərəfinə təhvil verirlər. Ermənilərin böyük hissəsi də artıq həmin əraziləri tərk edib. Həmçinin, Azərbaycan həmin şəxslərə Qarabağa geri dönmək və Azərbaycan vətəndaşlığı altında yaşamaq şansı da verib.
Separatçıların Qarabağı tərk etməsindən sonra Rusiya sülhməramlılarının da bir neçə postları ləğv olunub. Belə olan halda, sülhməramlıların Qarabağdakı fəaliyyəti müzakirə olunmağa başlayıb.
Bəs görəsən, münaqişənin olmadığı bir bölgədə sülhməramlıların qalmasına ehtiyac varmı?
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən politoloq Qabil Hüseynli Rusiya sülhməramlılarının Qarabağda qalması ilə razı olmadığını bildirib:
“Sual olunmalıdır ki, rus sülhməramlıları burada nə iş görəcəklər? Artıq onların Qarabağda görəcəkləri heç bir iş yoxdur. Millətlərarası münaqişə yoxdur, silahlı qüvvələrin böyük əksəriyyəti isə ərazidən çıxarılıb.
Sülhməramlılar belə bir gülməli arqument irəli sürürlər ki, guya ermənilərdən götürülmüş silahlara nəzarət edəcəklər. Vurğulamaq istərdim ki, həmin silahlar Azərbaycanındır və onlara Azərbaycan Ordusu nəzarət edəcək.
Sülhməramlılar hər hansı bir bəhanə ilə bu bölgədə qalaraq Cənubi Qafqazdakı strateji maraqlarını təmin etməyə çalışırlar. Bu isə mümkün deyil. Ola bilsin ki, onlar Azərbaycan siyasi rəhbərliyi ilə hər hansı razılığa gələ biləcəklərinə ümid bəsləyirlər, amma mən bunun olacağına inanmıram.
Sülhməramlıların missiyası başa çatıb. Onlar mütləq şəkildə öz şələ-şülələrini yığışdırıb getməlidirlər”, - deyə Q. Hüseynli qeyd edib.
Politoloq sülhməramlıların ərazilərimizdən çıxarılması üçün Rusiya siyasi rəhbərliyi ilə danışılmalı olduğunu bildirib:
“Rusiya Prezidentinin mətbuat katibi qeyd edir ki, bu mövzuda Azərbaycan siyasi rəhbərliyi ilə danışıqlar gedir. Danışıqların necə aparıldığı və konkret hansı məsələlərin müzakirə olunduğu barədə məlumat yoxdur.
Zənnimcə, Azərbaycan siyasi rəhbərliyi ola bilsin ki, bu ilin sonuna qədər sülhməramlıların Qarabağda qalmasına icazə versin. Növbəti ildən etibarən isə onlar mütləq şəkildə Azərbaycanın suveren ərazilərini tərk etməlidirlər”.
Murad İbrahimli