Prezident İlham Əliyevin dövlət başçısı vəzifəsində 20 illik fəaliyyətinin təhlili onu göstərir ki, o, həmişə cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri, kommunikasiya bacarığı sayəsində sadə insanlardan tutmuş dünyanın nüfuzlu şəxsiyyətlərinə kimi hər kəsin rəğbətini və hörmətini qazanaraq, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz əldə edib.
"Unikal" xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə oktyabrın 14-də Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı deyib.
Samir Nuriyev bildirib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar nəticəsində formalaşmış mükəmməl dövlət idarəçiliyi sistemi beynəlxalq siyasi, iqtisadi, humanitar tədbirlər təşkil olunarkən, COVID-19 pandemiyası zamanı, Vətən müharibəsi dövründə, işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan nəhəng bərpa və yenidənqurma işlərində öz yüksək effektivliyini aydın nümayiş etdirdi. “Dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflaşdırılması, müasir dövrün tələblərinə uyğun çevik icra mexanizmlərinin tətbiqi, bacarıqlı və savadlı gənc kadrların idarəçilik prosesinə cəlb edilməsi və həyata keçirilən digər tədbirlər qəbul olunan qərarların, dövlət başçısı tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün etibarlı zəmin yaratmışdır. Bu prosesdə, eləcə də cəmiyyətimizdə humanizm prinsiplərinin daha da möhkəmlənməsi, sosial sahənin inkişafı və xalqımızın zəngin milli-mədəni irsinin qorunub saxlanmasında Prezident İlham Əliyevlə birgə çiyin-çiyinə çalışaraq bütün qüvvəsini, bacarığını Vətənimizin tərəqqisi yolunda sərf edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin böyük rolu var”, - deyə Prezident Administrasiyasının rəhbəri qeyd edib.