Azərbaycan Türkiyənin Antalya vilayətində müştərək şirkətlər quran ilk dördlükdə yer alıb.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, Antalyada bu ilin 9 aylıq dövründə xarici tərəfdaşlarla 666 şirkət fəaliyyətə başlayıb.
Ən çox şirkət quran əcnəbilər ruslar olub.
Antalya Ticarət və Sənaye Palatasında (ATSO) qeydiyyatdan keçmiş xarici tərəfdaşları olan şirkətlərin sayı da artıb. Qeyd edilir ki, keçən il 5 min 695 olan xarici kapitallı şirkətlərin sayı bu ilin 9 ayında 6 min 108-ə çatıb.
Antalya Ticarət və Sənaye Palatası İdarə Heyətinin sədri Əli Bahar bildirib ki, Palatada 35 min aktiv şirkət qeydiyyatdan keçib, onlardan 6 min 108-i xarici tərəfdaşlarla müştərək şirkətlərdir.
O, ötən illə müqayisədə xarici tərəfdaşlı şirkətlərin sayının artdığına diqqət çəkib. “Xarici ortaqlı şirkətlərin ən çox qurulduğu vilayətlərdən birinə çevrilmişik və İstanbuldan sonra ikinci yerdəyik. Rusiya siyahıda 1 224 şirkətlə birinci yerdədir. Siyahıda bu ölkəni 751 şirkətlə Almaniya, İran (676 şirkət) və 302 şirkətlə Azərbaycan izləyir. “Ukrayna 270 şirkətlə siyahıda 5-ci yerdədir”, - o deyib.