Tarix şəxsiyyətlər yetişdirir. Şəxsiyyətlər də tarix yaradır. Dühalar isə doğulur. Onların missiyaları xilaskarlıq olur - tarixin, dövlətin və millətin xilaskarı missiyası. Ümummilli Liderimiz müstəqil və sabit inkişaf edən müasir Azərbaycan dövlətini yaratmaqla yanaşı xalqımız və dövlətimiz qarşısında daha bir əvəzsiz xidmət göstərib – milli dövlətçilik məktəbi formalaşdıraraq xalqımızın gələcək inkişafını təmin edəcək layiqli siyasi varis yetişdirib. Bu Heydər Əliyev dühasının zirvəsi idi. "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Umummilli Lider Heydər Əliyevin 2003-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına müraciətində yer alan bu müdrik fikirlər xalqımızın taleyüklü seçimini müəyyən etməklə yanaşı, ölkəmizin iyirmi ildir davam etməkdə olan möhtəşəm inkişafının ideya əsaslarından biri olmuşdur.


    Müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlər və situasiyalarla qarşılaşan Azərbaycan xalqı əzmkarlıq və vahidlik nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin etmişdir. Şübhəsiz, bütün bu tarixi və misilsiz nailiyyətlərin əldə edilməsində lider faktoru əvəzolunmaz rol oynamışdır. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb. Bu gün tam əminliklə söyləyə bilərik ki, möhtərəm Prezidentimiz bu inamı xalqın dəstəyi ilə uğurla gerçəkləşdirdi, Azərbaycanı dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevirdi. Xüsusilə hər bir azərbaycanlının ən ümdə arzusunu reallığa çevirərək müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. 2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Ulu Öndər Heydər Əliyevin siyasi kursu yaşamağa davam etdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Prezidentliyin ilk dövründə cənab İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərciyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, yeni iş yerlərinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artırılacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı, müasir təhsil və səhiyyə infrastrukturlarının qurulması və s. daxil idi. Cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir, yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq.


  Düzgün strategiya, güclü iradə, qətiyyət və çeviklik öz bəhrəsini verməyə bilməzdi. Xalqı zəfərə aparan ən vacib məqam isə, ilk növbədə, qətiyyətli liderin, orduya layiqli komandanlıq etməyi bacaran, səriştəli, dünya siyasətinə dərindən bələd olan, nəyi nə zaman necə etmək olduğunu yaxşı bilən bir rəhbərin olmasıdır. Bütün bu xüsusiyyətlər məhz Prezident İlham Əliyevdə cəmləşib. Azərbaycan xalqı xoşbəxtdir ki, həyatını müasir müstəqil dövlətimizin hərtərəfli davamlı tərəqqisinə həsr edən, 30 illik erməni işğalına son qoyaraq əzəli torpaqlarımızı, o cümlədən Qarabağın tacı olan Şuşanı Rəşadətli Ordumuzla azad edərək parlaq Qələbə qazanan Müzəffər Ali Baş Komandanı var. 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan dəmir iradəsi, yenilməz sərkərdəliyi və bənzərsiz diplomatik məharəti ilə bütün dünyaya göstərdi və sübut etdi ki, Azərbaycan haqlı tərəfdir və torpaqlarını işğaldan azad etməyə, zəfər çalmağa qadir güclü ordusu var. 
         Təsadüfi deyil ki, Azərbaycan Ordusunun Vətən müharibəsində unikal əməliyyatları dünya hərb tarixinə düşərək bu gün dərindən öyrənilir, tədqiq edilir. Dövlətimizin başçısının müasir çağırışlara uyğun siyasətinin həyata keçirilməsində respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və əzmkar fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu şərəfli dönəmdə Müzəffər Ali Baş Komandanın ən sadiq silahdaşı kimi yorulmaz fəaliyyət göstərib, xalqımızın ədalətli mübarizəsi barədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb, onun vətənpərvər çağırış və müraciətləri hər birimizi milli maraqlarımız naminə düşmənlə mümkün platformalarda, o cümlədən informasiya məkanında mübarizəyə səfərbər edib. Ümumiyyətlə, bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də, səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb. Səhiyyənin  xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Səhiyyədə bir çox istiqamətlər üzrə islahatlar aparılır, səhiyyə infrastrukturunun təkmilləşdirilməsinə irihəcmli investisiyalar qoyulur, genişmiqyaslı işlər görülür. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır. Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.  Səhiyyə islahatları çərçivəsində əsas istiqamətlərdən biri də sığorta sisteminin tətbiqidir. Ölkəmizdə "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu və bir çox hüquqi normativ aktlar qəbul edilmişdir. Hazırda ölkədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək məqsədi ilə İcbari tibbi sığortanın tətbiqi həyata keçirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü siyasətin təzahürü kimi, səhiyyənin inkişafında son illər əldə edilmiş dinamik inkişaf tendensiyası daha sürətlə davam etdirilmişdir. İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaiti artırılır. Hökumətin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yaxşılaşmış, ölüm hallarının sayı azalmışdır.  Əhaliyə yüksək səviyyədə tibbi xidmətlər aparılır. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsəd və vəzifələr sırasında insanların layiqli həyat tərzinin təmin edilməsi, sağlamlıqlarının qorunması prioritetlik təşkil edən məsələlərdəndir. Dünyanı ağuşuna alan koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi və qayğısı ilə virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı viruslara qarşı mübarizədə və tibbin inkişafına görə ölkəmizdə görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim edib.


      Bir sözlə sözügedən seçkilərdən ötən 20 ilin yüksəkliyindən keçdiyimiz yola baxarkən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın tarixi qələbələrindən və misilsiz inkişaf uğurlarından böyük qürur və iftixar hissləri yaşayırsan. Dövlətimizin artmaqda davam edən qüdrəti, ölkəmizin dəyişən siması, Qarabağı azadlığa qovuşduran əzəmətli zəfər, Azərbaycanın və bölgənin həyatında baş verməkdə olan dərin proseslər Prezident İlham Əliyevin müstəsna uğurla həyata keçirdiyi tarixi missiyasının birbaşa təsdiqidir. Bu missiya həm Azərbaycanın müasir şərəfli tarixində ifadə olunur, həm də onun daha parlaq gələcəyinin etibarlı qarant rolunu oynayır.

Əhliman Əmiraslanov

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik