17 oktyabr 2023-cü il tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentinin sessiyası zamanı səsləndirdiyi bəyanat, növbəti dəfə bu ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir:
"Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkmədiyi bir vaxtda özünü sülhsevər, demokratik, beynəlxalq hüquqa hörmət edən ölkə kimi təqdim edən Ermənistandan bu cür iddiaları eşitmək təhqiramizdir.
30 ilə yaxın müddət ərzində bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar törətmiş bir ölkə olan Ermənistanın Azərbaycanı könüllü olaraq Ermənistana getmiş yerli ermənilərin “etnik təmizləməsi”ndə ittiham etməsi əsassız olmaqla yanaşı, regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil edir. Bu, həmçinin 21 sentyabr tarixində Ermənistan ictimaiyyətinə müraciətində Qarabağ bölgəsindəki erməni sakinlərin təhdidlərlə üzləşmədiyini bildirən Ermənistan baş nazirinin bəyanatlarının bir-biri ilə nə qədər uyğunsuz olduğunu nümayiş etdirir. Eyni zamanda, Ermənistanın tarixin və faktların açıq şəkildə saxtalaşdırılmasında nə qədər məşhur olduğu diqqətə alındıqda, sözügedən ölkənin baş nazirinin bu cür ziddiyyətli açıqlamalarını eşitmək təəccüb doğurmur.
Qranada görüşünün yekun sənədindəki müstəqillik, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, güc tətbiq edilməməsi və güc təhdidindən imtina prinsiplərinə istinad edən baş nazir Nikol Paşinyan, Ermənistanın bu prinsipləri baş nazirin hakimiyyətdə olduğu 5 il də daxil olmaqla 30 ildən artıq müddətdə pozmasına baxmayaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycanın Ermənistana 5 baza prinsipi təqdim etdiyini unudur.
Laçın yolunun guya “eksterritoriallığ”ı ilə bağlı baş nazirin iddialarına gəldikdə isə, Ermənistanın məkrli addımlarının qarşısını almaq üçün sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməklə hərəkətin təhlükəsizliyini təmin etmək öhdəliyini yerinə yetirən Azərbaycandan fərqli olaraq, Ermənistanın hər vəchlə baş nazirin də birgə imzaladığı Üçtərəfli Bəyanata zidd olaraq, bu yoldan sui-istifadə etdiyini xatırlatmaq lazımdır. Azərbaycan öz ərazisindəki bütün yollar üzərində suverenliyə malik olduğu və bunun əksini sübut etmək cəhdlərinin əsassızlığı qeyd edilməlidir.
Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycana qarşı təcavüz törətdiyini və ərazilərimizi işğal etdiyini diqqətə alındıqda, Ermənistan baş nazirinin ərazi bütövlüyünə və delimitasiyaya hörməti kvadrat kilometrlə ölçməyə çağırış etməsi ciddi deyil. Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt başqa ölkələrin ərazisinə iddia etməyib.
Ermənistanın Azərbaycan və Türkiyəni blokadada ittiham etməsinin reallıqla heç bir əlaqəsi yoxdur. Ermənistanın hərbi təcavüz və ərazi iddiaları səbəbindən regional layihələrdən təcrid olunması hər kəsə yaxşı məlumdur. Üstəlik, görünür ki, Ermənistan Azərbaycanın öz ərazilərini azad etməsindən sonra da buna son qoymaq niyyətində deyil. Ermənistan tərəfi vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək, eyni zamanda bu istiqamətdə təhlükəsizliyi təmin etmək öhdəliyinin mövcud olduğunu yaxşı bilir. Ermənistanın, həmçinin Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisini təmin etməklə bağlı öhdəliyi mövcuddur. Təəssüf ki, bu ölkə belə bir fürsəti növbəti dəfə əldən verir. İran İslam Respublikasının ərazisi üzərindən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil və dəmir yollarının tikintisi haqqında Sazişin imzalanması bir daha Ermənistandan fərqli olaraq, Azərbaycanın alternativ marşrutlardan istifadə etməklə regionda nəqliyyat dəhlizlərinin inkişafına daim müsbət töhfə verdiyini göstərir.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın Qarabağ regionunda qondarma erməni rejiminin və qanunsuz silahlı qüvvələrin yaratdığı təhlükəni aradan qaldırdıqdan sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövrdə, Ermənistan baş nazirinin davam edən aqressiv ritorikası sülh perspektivlərinə xələl gətirir".