Səlim Müslümovdan onu qəzəbə düçar edə biləcək açıqlama
11:31 10-04-2013
İQTİSADİYYAT
Səlim Müslümovdan onu qəzəbə düçar edə biləcək açıqlama
Fond sədri hökumət rəsmilərinin dediklərini inkar edir
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov ilginc açıqlama ilə çıxış edib. Onun bu açıqlaması Müslümovu iqtidar içində sevməyən çevrələrin əlinə yaxşı bir bəhanə vermək kimi də qiymətləndirilə bilər.
Öncə gəlin DSMF sədrinin həmin açıqlaması ilə tanış olaq.
Səlim Müslümov bildirib ki, artıq dövlət qulluğuna qəbul vahid bir mərkəzdən idarə edilir: “Bu vaxta qədər 85 nəfər DSMF-yə işə qəbul edilib”.
Dövlət Sosial Müdafiə Fondunun sədri Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən tədbirdəki çıxışının davamında bu sistemin işini yüksək qiymətləndirsə də, çatışmazlıqlardan da danışıb: “Hər ayın sonunda biz vakant yerlərlə bağlı Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya məlumat veririk. Dövlət qulluğunda çalışmaq istəyənlər də müsabiqə, müsahibə mərhələsindən keçdikdən sonra müvafiq dövlət idarələrinə göndərilir. DSMF-yə qəbul olan işçilərin səviyyəsi yüksək olsa da, onların bir qismi bir müddət çalışdıqdan sonra işdən çıxırlar. Əksəriyyəti neft, bank qeyri-dövlət maliyyə sektoruna gedirlər. Bizim onları saxlamaq imkanlarımız zəifdir. Həmin şəxslərin dövlət qulluğunda işdən imtinasının əsas səbəbi maaşların az olmasıdır. Ona görə də, düşünürəm ki, tədricən maaşlar qaldırılmalıdır”.
Qeyd edək ki, artıq ikinci yüksək səviyyəli dövlət məmurudur ki, maaşların azlığından şikayətlənir. Səlim Müslümovdan əvvəl təhsil naziri Misir Mərdanov da ölkə təhsilinin durumunu tənqid edənlərə cavab olaraq, müəllimlərin 200 manat civarında maaş almasını tənqid etmiş və hazırki maaşlarla təhsildə ciddi irəliləyiş gözləməyin yersiz olduğuna işarə vurmuşdu.
Həmin vaxt Mərdanovun sözləri bir çox iqtidaryönlü KİV və ekspertlər tərəfindən qınanılmış, təhsilin əsas probleminin bu sahəni idarə edənlər olduğuna diqqət çəkilmişdi.
İndi isə DSMF sədri işçilərinin maaşının azlığından gileylənir, halbuki rəsmilər indiyədək ölkədə əhalinin yüksək dolanışıq səviyyəsindən, maaşların onların həyat şəraitini təmin edəcək səviyyədə olmasından danışırdılar. Amma Səlim Müslümovun bu sözləri həmin təbliğatı inkar edir. Məlum olur ki, nəinki sadə vətəndaşlar, hətta yüksək dövlət orqanlarında çalışan yüksək təhsilli, peşəkar, müasir tələblərə cavab verən kadrları görəvdə saxlamaq müşkülə çevrilib. Onlar az maaşlı, kiçik məmur olmaqdansa özəl sektora üz tutmağa üstünlük verirlər.
Əlbəttə, bu da ortaya ciddi bir təzad çıxarır. Ya belə çıxır ki, ölkədə ciddi iqtisadi-sosial inkişaf getdiyi haqda hökumət rəsmilərinin öz bəyanatları qüsurludur, ya da DSMF sədri doğru danışmayıb. Axı inkişaf şəraitində hansısa dövlət qurumunda çalışanlar niyə maaş azlığından gileylənib oranı tərk etməlidirlər?
Hər bir halda Səlim Müslümovun açıqlamalarının iqtidar içindəki bəzi çevrələrdə müzakirə mövzusu olacağı şübhəsizdir. Həmin açıqlamaların Dövlət Sosial Müdafiə Fondu sədrinin əleyhinə çevrilməsi ehtimalı isə onun üçün heç də yaxşı nəticələr vəd etmir.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55