Oktyabr ayının sonuna yaxın Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcəyi gözlənilir. Diqqət çəkən məqamlardan biri odur ki, Paşinyan iki gün əvvəl Avropa Şurası Parlament Assambleyasındakı çıxışında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 2023-cü ilin sonunadək imzalana biləcəyini açıqlayıb.
Görəsən, bu görüş sülh müqaviləsinin imzalanması üçün zəmin yaradacaqmı?
Mövzu ilə bağlı “Unikal”a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov həmin görüşdə müzakirə oluna biləcək məsələlərdən danışıb:
“Ümumiyyətlə, insanlarda belə bir steoratip var ki, əgər, belə bir sənədə qol çəkilsə, bütün məsələlər birdən-birə həll olunacaq. Təbii ki, bu belə deyil. Biz başa düşməliyik ki, iki ölkə arasındakı post-konflikt məsələləri həll etmək üçün tarixi bir dövr lazımdır. Kommunikasiyaların bərpası, sərhədlərin müəyyən olunması, kompensasiya məsələsi, delimitasiya prosesi və digər məsələlər var.
Əsas məsələlərdən biri də azərbaycanlıların Ermənistanda, ermənilərin isə Azərbaycanda yaşamaları, onların təhlükəsiziyinin qorunmasından ibarətdir.
Qeyd etdiyim bütün bu məsələlərin bir sənədlə həllini tapması realistik yanaşma deyil. Əslinə qalsa, məqsəd də bu deyil. Belə ki, sülh müqaviləsinə dair sənədin imzalanması gözlənilir. Həmin sənəddə mənim qeyd etdiyim məsələlərə dair əsas prinsiplər öz əksini tapacaq. Yəni, sülh müqaviləsinin əsas məqsədi münaqişəyə tam son qoymaqdır. Digər məsələlər isə sülh şəraitində həll olunmalıdır”, - deyə o qeyd edib.
Tofiq Zülfüqarov həmçinin Zəngəzur dəhlizi ilə bağlı suala da cavab verib:
“Zəngəzur dəhlizi ilə bağlı digər bir məsələ də var. Bu, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən olunmasıdır. Daha sonra isə delimitasiya və demarkasiya prosesi reallaşmalıdır. Mövqelərin müxtəlif olduğu dövrdə, yəni, yanaşmalar o qədər fərqlidir ki, hazırda Zəngəzur dəhlizinin reallaşıb-reallaşmayacağını demək çox çətindir.
Mən danışıqlar vasitəsilə həmin torpaqların bizə aid olduğunun müəyyənləşəcəyini istisna etmirəm. Əgər, kommunikasiyalardan söhbət gedirsə, sərhədlər müəyyən olunana qədər digər bir dəhlizin yaradılması çox yaxşı bir addım olardı. Bununla da kommunikasiyaların işlək vəziyyətdə olması təmin edilə bilər".
Murad İbrahimli