"Bir neçə ildir Azərbaycanda quraqlıq daha uzunmüddətli dövrü əhatə edir".

"Unikal" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyev deyib.

O bildirib ki, tranzit çaylarla ölkəyə daxil olan suyun miqdarı əhəmiyyətli miqdarda azalıb.

"Bu, həm temperaturun qalxması, həm də yağıntıların paylanmasında qeyri-bərabərliyin artması və s. amillərlə bağlıdır. Su problemi Azərbaycan üçün mühüm problemlərdən biridir. 2023-cü ildə ötən illərlə müqayisədə sel-daşqın hallarının sayı xeyli çox olub. Belə ki, bu il 147 dəfə çayların öz məcrasından çıxması halı meydana gəlib. Bu, keçən ilin rekordunu 3 dəfə üstələyib. Lakin yağıntılar lokal ərazini əhatə edirdi. Bəzi rayonlarda yağıntılar normadan artıq düşdüyü halda, digərlərində az olub. Yağıntıların qeyri-bərabər paylanması bizi vadar edir ki, su mənbələrindən daha səmərəli istifadə edilməsi üçün tədbirlər işlənib hazırlansın. Hazırda bu istiqamətdə işlər görülməkdədir".