Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2023-cü il 21 oktyabr tarixində  Sumqayıt şəhər Şəhidlər Xiyabanında, 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərərək şəhid olmuş leytenant Məhərrəmov Ülvi Tahir oğlunun Anım günü tədbiri keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidimizin yaxınları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoyub. Şəhidimizin ruhuna dualar oxunub. Eyni zamanda Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi və şair Elbrus Qayalı vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirib. 

Qeyd olunub ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurdu. 

30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Şəhidimizin atası Tahir Məhərrəmov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirib.

Qeyd edək ki, Qubadlı rayonunun Sarıyataq kənd sakini Məhərrəmov Ülvi Tahir  oğlu  05 iyul 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. 2012-ci ildə Mahruzlu kənd tam orta məktəbinin 9-cu sinfini bitirərək Bakı şəhəri Naxçıvanski adına Hərbi Məktəbə qəbul olub, 2015-ci ildə həmin hərbi məktəbi bitirib. Hərbi məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olub, 2019-cu ildə akademiyanı bitirib leytenant hərbi rütbəsi alaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tağım komandiri vəzifəsinə təyin olunub. 2020-ci ilin sentyabr ayından bölük komandiri vəzifəsinə təyin olunub. 

 Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edərkən 14 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunub. 

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məhərrəmov Ülvi Tahir  oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə”  medalı, “Füzulinin azad olunmasına görə” medalı, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.