Kreml ABŞ prezidenti Co Baydenin dünyanın yeni nizama ehtiyacı olduğu barədə sözlərini dəstəkləyir, lakin Moskva belə bir nizamın Vaşinqton tərəfindən qurula biləcəyi ilə razılaşmır.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Biz cənab Baydenlə tamamilə razıyıq. Onun dedikləri ilə tamamilə razı olduğumuz nadir haldır. Həqiqətən də, dünyanın tamamilə fərqli prinsiplərə əsaslanan yeni dünya nizamına ehtiyacı var", - Peskov ifadə edib. 

Kremlin fikrincə, bu dünya nizamı bütün idarəetmə mexanizmlərini bir dövlətin əlində cəmləşdirmək cəhdlərindən, öz iradəsini və qərarlarını başqa ölkələrə sırımaq cəhdlərindən azad olmalıdır:

"Və əksinə, “qaydalara” deyil, beynəlxalq hüquqa əsaslanan, qarşılıqlı hörmətə, qarşılıqlı faydaya, bir-birinin daxili işlərinə qarışmamağa və s. əsaslanan dünya nizamı olmalıdır". 

Bununla belə, Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Kreml Baydenin bəyanatının başqa hissəsində onunla razılaşmır. “Cənab Baydenin daha bir ifadəsi var: “Və Birləşmiş Ştatlar belə bir nizam qurmağa qadirdir”. Burada, bu hissədə biz razılaşmırıq”,- o, vurğulayıb.

Peskov qeyd edib ki, Birləşmiş Ştatlar bu və ya digər şəkildə, hansı dünya nizamından danışsalar da, Amerika mərkəzli dünya nizamını nəzərdə tuturlar. "Yəni ABŞ-nin ətrafında fırlanan dünya. Bu, artıq belə olmayacaq", - Kreml nümayəndəsi əmin şəkildə ifadə edib. 

Gülayə Mecid