Bəzi oliqarxların 2013 qorxusu
11:17 11-04-2013
İQTİSADİYYAT
Bəzi oliqarxların 2013 qorxusu
Onların seçki sonrası ilə bağlı hansı narahatlıqları var?
2013 prezident seçkilərindən sonra yenidən formalaşdırılacaq hökumətin tərkibində ciddi dəyişikliklər ediləcək. Bu barədə redaksiyamıza məlumatlı mənbə bildirib.
Mənbənin deməsinə görə, seçkiyədək hansısa iri vəzifəli şəxsin “vurulması” istisna edilməsə də, bu, iqtidarın mühüm siyasi marafona hakimiyyətin monolit şəkildə getməsi naminə çox az ehtimal olunur. Amma seçkidən sonra iqtidar hökumətin tərkibinə əhəmiyyətli şəkildə əl gəzdirəcək.
Artıq bununla bağlı bir çox iri məmurlarda ciddi informasiyalar var və onlar narahatlıq keçirirlər. Heç kim özünü seçkisonrası “Heydər Babayev nümunəsi”ndə görmək istəmir.
Xatırladaq ki, 2008 prezident seçkilərindən sonra formalaşdırılan yeni Nazirlər Kabinetində çoxlarının gözləmədiyi halda o vaxtki iqtisadi inkişaf naziri Heydər Babayev yer almadı. Bu sürprizin ardınca sabiq nazirin Azərbaycandakı biznesinə də tədricən əl qoyuldu. İddialara görə, hazırda onun ölkədə heç bir ciddi gəlir qaynağı qalmayıb. Babayevin özü də əsasən ölkə kənarında
yaşayır və orada biznes fəaliyyəti ilə məşğuldur.
Yəni təcrübə göstərir ki, bizim reallıqda vurulan hər hansı iri məmur yalnız vəzifə kürsüsü ilə vidalaşmaq məcburiyyətində qalmır. O, həm də illərlə yığdığı sərvətlərinin önəmli hissəsindən, nəzarətindəki biznes strukturlarının tamamından məhrum olunur.
İndi bəzi məmurların da əndişəsi onunla bağlıdır ki, yalnız karyeralarını yox, sərvətlərinin və bizneslərinin böyük hissəsini də itirəcəklər. Hələ proseslərin onlarla bağlı hüquqi ölçülərin götürülməsi istiqamətində addımlar atılmasınadək uzana bilmək riskini demirik.
İstər mənbələrimizin, istərsə də nüfuzlu KİV-lərin məlumatlarına əsaslansaq, 2013 seçkilərindən sonra vəzifəsini itirəcək iri məmurların bəzilərinin adlarını bəri başdan əminliklə açıqlamaq olar:
Rasi-zadə Artur Tahir oğlu - Baş nazir
Əfəndiyev Elçin İlyas oğlu - Baş nazirin müavini
Həsənov Əli Şamil oğlu - Baş nazirin müavini, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Şərifov Abid Qoca oğlu - Baş nazirin müavini
Əbiyev Səfər Axundbala oğlu - Müdafiə naziri
Abasov İsmət Dursun oğlu - Kənd təsərrüfatı naziri
Mərdanov Misir Cumayıl oğlu - Təhsil naziri
Məmmədov Qərib Şamil oğlu - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
Vəliyev Arif Mikayıl oğlu - Dövlət Statistika Komitəsinin sədri
Müslümov Səlim Yanvar oğlu - Dövlət Sosial Müdafiə Fondunun sədri
Çəndirli İskəndər Hüseyn oğlu - Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru
Həsənov Kərəm Əvəz oğlu - Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Əlbəttə, bu siyahının qısalma və genişlənmə ehtimalı da gözdən çıxarılmamalıdır. Eyni zamanda bir çox rayonların icra başçılarının da seçkidən sonrakı 1-2 ay ərzində dəyişdirilməsi istisna edilmir.
Xüsusən bilgilər Bakı şəhərinin bir çox rayonlarının icra başçılarına qapı göstəriləcəyini deməyə əsas verir.
Qayıdaq iri məmurların seçkidən sonrakı aqibətinə dair yayılan informasiyalara. Yuxarıda sizə təqdim etdiyimiz siyahıda adları olmayan bəzi məmurların - məsələn, sənaye və energetika naziri Natiq Əliyevin, “Azəriqaz” rəhbəri Əkbər Hacıyevin, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da görəvdən ayrıla biləcəyinə dair iddialar mövcuddur. Amma bu iddiaların hansı formada gerçəkləşəcəyinə dair fərqli rəylər var. Məsələn, Abutalıbovun baş nazir və ya baş nazirin birinci müavini olmaq iddiasının varlığı yeni xəbər deyil.
Seçkidən sonra “vurulacaq” - yeni hökumət kabinetindən kənarda saxlanılacaq bəzi iri məmurların diplomatik “sürgün”ə göndəriləcəyi istisna olunmur.
Hər bir halda prezident seçkilərindən sonra bizi önəmli kadr islahatlarının gözləyəcəyi müstəqil müşahidəçilər tərəfindən davamlı olaraq vurğulanır. Bu ehtimalı artıran önəmli məqam isə budur: hələ ötən ilin payızına doğru hakimiyyətdə müxtəlif vəzifələrə yeni kadrlar irəli çəkilməyə başladı. Bir neçə ay ərzində baş verən kadr dəyişikliklərinin statistikasına baxanda, bunu aydın müşahidə eləmək olur. Rəhbər vəzifəyə təyin olunan şəxslər bir qayda olaraq 40 yaşdan az, xaricdə təhsil almış, bir neçə xarici dil bilən, ənənəvi hakimiyyət regionundan (Naxçıvan və Qərbi Azərbaycan) olmayan şəxslər idi. Və nəhayət, yeni təyinatlar əsasən humanitar sahələri əhatə edirdi.
Hesab olunurdu ki, bunlar iqtidarda seçki sonrası kadr dəyişikliklərinə hazırlıq, “məşq” xarakteri daşıyır. Doğrudur, o vaxt da bildirilirdi ki, yeni kadr təyinatları iqtidar daxilində narahatlıqlar yaradıb. Bir çox məmurlar bu dalğanın böyüyəcəyindən və enində-sonunda onların mövqeyinə sarsıdıcı zərbə vuracağından əndişələnməyə başlamışdılar.
Amma bu əndişələrə baxmayaraq seçkidən sonrakı kadr “ov”u qaçılmazdır, bu, həm də seçkilərlə bağlı Qərbdən gözlənilən hər hansı tənqidin effektliliyini azaltmağa, prosesi beynəlxalq təşkilatların da arzuladığı reformlar istiqamətinə yönəltməyi və münasibətləri xeyli istiləşməyə hesablanacaq.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55