Türkiyədə biznesi olan azərbaycanlılar
11:19 11-04-2013
İQTİSADİYYAT
Türkiyədə biznesi olan azərbaycanlılar
Bu sırada müxalifət partiyasının sədri də var
Son 11 ayda 13138 xarici vətəndaş Türkiyədən daşınmaz əmlak alıb. Onlardan 1609 nəfər 18 may 2012-ci ildə qüvvəyə minən və 6 avqust 2012-ci il tarixində tətbiqinə başlanan yeni qanundan, daha doğrusu, Mülkiyyət Qanununun 35-ci maddəsinə edilən dəyişiklikdən sonra Türkiyədə ev sahibi olub.
Keçən ilin avqustundan bəri Türkiyədə ev sahibi olan Azərbaycan vətəndaşlarının sayı isə 325 nəfərdir. Onlardan 296-sı qat mülkiyyəti (yəni hazır bir binanın mərtəbəsi, mənzili, iş bürosu, mağaza, anbar, zirzəmi üzərində mülkiyyət), 29-u isə ana daşınmaz (bina, torpaq, tarla və s) sahibi olub.
Qanun dəyişikliyindən sonra 81 ölkənin vətəndaşları üçün Türkiyədə daşınmaz əmlak almağın yolu açılıb. Daha əvvəl yaşamaq üçün icazə alan və ya çox məhdud sayda daşınmaz əmlak əldə etmək haqqına sahib olan 40 ölkənin vətəndaşları üçün də bu şərtlər və məhdudiyyətlər ləğv edilib. Beləliklə, ümumilikdə bu qanun 121 ölkənin vətəndaşlarının işinə yarayıb. Yeni qanunun qəbul edilməsindən sonra Türkiyədə ən çox daşınmaz əmlak alan Almaniya vətəndaşlarıdır.
Son səkkiz ayda Türkiyədə daşınmaz əmlak alan azərbaycanlılar əsasən İstanbul, Antalya, Ankara və Muğlaya üstünlük veriblər. Azərbaycan vətəndaşları Türkiyənin ticarət paytaxtı İstanbulda 164, siyasi paytaxtı Ankarada 22, turizm mərkəzi Antalyada 65 və son dövrün inkişaf edən digər turizm bölgəsi Bodrumun bağlı olduğu Muğla vilayətində 17 daşınmaz əmlak alıblar.
Geridə qalan 57 Azərbaycan vətəndaşı isə Adana, Afyonkarahisar, Ağrı, Amasya, Aydın, Burdur, Bursa, Dənizli, Əskişəhər, İzmir, Kayseri, Kocaeli, Konya, Mersin, Ordu, Sakarya, Samsun və Trabzon vilayətlərində mülk sahibi olub.
Qanunda dəyişiklik edilənə qədər isə Türkiyədə 45 Azərbaycan vətəndaşının daşınmaz əmlakı vardı. Türkiyədə daşınmaz əmlaka sahiblənən imkanlı azərbaycanlıların kimliyinə gəlincə, bu ölkənin Mülkiyyətin Kadastrı Baş İdarəsi həmin məlumatları açıqlamaq istəməyib.Amma apardığımız araşdırmalar bir sıra maraqlı faktları ortaya çıxarıb. Belə ki, Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Türkiyədə ciddi biznes şəbəkəsi qurduğu, həmçinin dəyəri yüz minlərlə manat olan mülklərə sahib olduğu bildirilir. Bunu da qeyd edək ki, hələ üç il əvvəl Türkiyənin nüfuzlu qəzetləri Nazim İbrahimovun bu ölkə ilə milyonlarla manat həcmində iş birliyi qurduğunu yazmışdı. Həmçinin baş nazirin keçmiş birinci müavini Abbas Abbasovunda Türkiyəyə maraq göstərdiyi söylənilir. Artıq bizneslə məşğul olan Abbas Abbasovun Türkiyədə əsasən turizm biznesi ilə məşğul olduğu və bu işdə Telman İsmayılovun imkanlarından yararlandığı söylənilir. Çox maraqlıdır ki, Türkiyədə daşınmaz əmlaka sahib olan simalar arasında müxalifətçilərində adı çəkilir. Bu sırada birincilik isə Ümid partiyasının sədri İqbal Ağazadədədir. Onun İstanbulda böyük mülkünün olduğu söylənilir. Həmçinin partiya sədri Türkiyədə əsasən tekstil biznesi ilə məşğul olur və onun şəriklərinin sırasında başqa müxalifətçilərində adı çəkilir.Mənbə bunu da bildirir ki, bu gün dövlət məmurlarının əksəriyyətinin Türkiyədə mülkiyyətləri var. Sadəcə olaraq həmin mülklər Türkiyə vətəndaşlarının adına alınıb. Buda qeyd edilir ki, Türkiyəyə maraq əsasən iki il öncə yaranıb. Belə ki, Rusiyada bizneslərinə təhlükə hiss edən azərbaycanlı məmurlar seçimlərini Türkiyəyə ediblər. Bu sırada isə liderlik edən təhsil naziri Misir Mərdanovdur. Bildirilir ki, nazir artıq beş ildən çoxdur ki, Türkiyədə mülk biznesinə başlayıb və hazırda İstanbulda daxil olmaqla Türkiyənin əsas şəhərlərində mülklərə sahibdir. Son vaxtlar isə dövlət məmurlarının daha çox İzmirə üstünlük verdikləri söylənilir. Beləliklə qeyd etmək olar ki, bu gün yüzlərlə dövlət məmurunun Türkiyədə biznesi var. Ən maraqlısı isə budur ki, indi də dövlət məmurları Türkiyədə fermer təssərüfatına xüsusi maraq göstərirlər. Bu isə səbəbsiz deyil. Belə ki, kənd təssərüfatına müəyyən həddə sərmayə qoyan iş adamlarına dövlət tərəfindən xüsusi güzəştlər verilir. Azərbaycanlı məmurlar isə bu imtiyazdan yararlanmaq üçün məhz fermer təssərüfatı sahəsinə xüsusi diqqət ayırırlar.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40