"Ermənistanla siyasi münasibətlərimiz açıq-aşkar həyəcan verici sürətlə aşağıya doğru gedir. Müqayisə üçün deyək ki, Azərbaycanla əksinə, ancaq inkişaf edir. Qarabağ ətrafındakı vəziyyətdə isə Rusiya baş verən hər şeyi qəbul etdi. Əsas məsələ Rusiya-Ermənistan münasibətlərindəki tənəzzülün hansı səviyyəyə çatacağıdır. Təhlükəsizlik, hərbi-siyasi sahə, Rusiya Federasiyasının Cənubi Qafqazdan mümkün sıxışdırılması mövzusu Moskva üçün çox ciddi əhəmiyyət kəsb edir".
"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin keçmiş müavini Andrey Fedorov "Moskva-Bakı"ya müsahibəsində deyib.
Siyasətçi İrəvanla Paris arasında hərbi əməkdaşlıq haqqında sazişi və bunun nəyə gətirib çıxaracağını belə şərh edib: "İrəvanın Qərbin dəstəyi ilə ölkənin təhlükəsizlik sistemini yenidən qurmaq niyyətində olduğuna dair siqnallar var. İrəvanla Paris arasında bağlanan saziş yalnız başlanğıcdır. Daha ciddi bir razılaşma üzərində iş gedir - ABŞ-la strateji sənəd. Beləliklə, Ermənistanın bu cür meylləri və atdığı addımlarla onun KTMT-də daha da qalması tezliklə qeyri-mümkün ola bilər.
Onun sözlərinə görə, Rusiya Paşinyanla Ermənistanı ayırmağa davam edəcək. "Ermənistanda tezliklə daha çox rusiyapərəst birinin hakimiyyətə gəlməsi variantı varmı?" sualına isə siyasətçi belə cavab verib: "İllüziyalara ehtiyac yoxdur. Bunun üçün hələ şərait yoxdur və çox şey Ermənistanın siyasətinin hara getməsindən asılı olacaq. Məsələ kimin gələcəyi deyil. Söhbət ondan gedir ki, əgər Paşinyan daha altı ay və ya bir il hakimiyyətdə qalsa və bu müddət ərzində Ermənistanın strateji kursu başqa yollara keçsə, bu, bizim üçün ciddi problemə çevriləcək. Ermənistan kəskin şəkildə Qərbə üz tutsa, geri qayıtmaq çox çətin olacaq. İndi ruspərəst biri gəlib desə ki, biz yenidən rusiyayönlü vektora qayıdırıq, buna inanmalı deyilik. Bu baş verməyəcək. Biz bugünkü Ermənistanın reallıqlarını dərk etməliyik".
Ağarza Elçinoğlu