Qovuşan talelər və dağılan ailələr
11:10 12-04-2013
CƏMİYYƏT
Qovuşan talelər və dağılan ailələr
Səadət Bənənyarlı: "Azərbaycan ailəsinin psixoloji strukturunda xoşagəlməz dəyişikliklər gedir"
Statistik məlumatlara görə, ötən il ərzində Azərbaycanda 78 min 480 nikah qeydiyyata alınıb. Bağlanan nikahlardan 11 min 182-nin pozulduğu da məlumatda yer alıb. Qeyd edilir ki, ötən il ərzində ölkədə 1932 nəfərin xarici vətəndaşla nikah bağladığı bildirilir.
Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlının "Unikal"a söylədiyinə görə, "Ötən il dağılmış ailələr barədə rəsmən təqdim edilmiş rəqəm çox yüksəkdir və ciddi narahatlıq doğurur. Hər bir halda, qurulmuş on ailədən 1,5-nin dağılması acınacaqlı durumdan xəbər verir".
Hüquq müdafiəçisinin sözlərinə görə, "İndiki halda Azərbaycan ailəsinin psixoloji strukturunda xoşagəlməz dəyişikliklər gedir və bu proses birinci növbədə ailənin ağsaqqalları və ağbirçəklərinin ənənəvi vəziyyətinə mənfi təsir etməyə başlayıb. Məlum olduğu kimi, bizim ailələrdə ağsaqqalların nüfuzu və sözü xüsusi çəkiyə malik idi. Lakin bu üstünlük tədricən sıradan çıxmağa başlayıb və ondan çox az əsər-əlamət qalıb. Nəticədə az qala hər ay mətbuatda hansısa ailədə atanın, babanın və yaxud ananın döyülməsi və öldürülməsi barədə məlumatlara rast gəlirik".
Hüquq müdafiəçisinin fikrincə, "Belə bir vəziyyətə gətirib çıxardan bir neçə ciddi səbəblər var və fikrimcə, ən ciddi səbəb orta məktəblərdə tərbiyə sistemində yol verilən nöqsanlardır. Azərbaycan məktəblərində əvvəllər müəllimlər şagirdlərə ictimai davranış qaydaları barədə məlumatlar verir, ailədaxili münasibətlər, böyük-kiçik instansiyaları haqda müntəzəm şəkildə söhbətlər aparırdılar. Təəssüf ki, bu mühüm ənənə artıq unudulub".
Səadət xanım hesab edir ki, "Nə qədər ki gec deyil, Azərbaycan ailəsinin əvvəlki psixoloji iyerarxiyasını, strukturunu bərpa etməliyik. Bu işdə mətbuatın və televiziyanın üzərinə xüsusi yük düşür. Təəssüf ki, KİV-də bu mövzuda yazılara, verilişlərə və proqramlara çox nadir hallarda rast gəlirik. Biz ailədə ağsaqqalıq və ağbirçəklik strukturunu bərpa edə bilsək, dağılan ailələrin sayında da azalma müşahidə ediləcək".
Bununla belə, Səadət Bənənyarlı hesab edir ki, "Amma ağsaqqallar və ağbirçəklər də öz səlahiyyət və nüfuzlarından sui-istifadə etməməlidirlər. Yəni ailə qurmaq istəyən gənclərin iradəsinə zidd gedən qərarlar qəbul etməməlidirlər".
Hüquq müdafiəçisi bildiri ki, "Yeni ailə qurulan gündən bir müddət sonra şikayətlər, problemlər və sairə kimi xoşa gəlməz halların biruzə verdiyini eşidirik. Hansı ki, o problemlərin çoxu o qədər ciddi və əhəmiyyətli də deyil. Yəni evlilik sadəcə bir adətə çevrilib, yoxsa evdə qalmamaq üçün bir çıxış yoludur? Yoxsa valideyinlərin yalnız nəvələrə sahib olma həvəsidirmi? Ailə üzvləri arasında doğmalıq və yaxınlıq hissləri sanki oyana bilmir. Aylarla, illərlə bir yerdə yaşamaqlarına baxmayaraq sanki yad insanlar kimi, yaxud da bir məktəbin şagirdləri kimi davranırlar. Necə də olsa təhsil bitəndən sonra hərə öz həyatı ilə davam edəcək. Yeni evliliklər, yeni doğulan uşaqlar və boşanma halları haqqında statistikaları çox vaxt eşidirik və təxmini olaraq məlumatımız da var. Bilirik ki, boşanma halları yeni qurulan ailələrdən nisbətdə çoxdur və bu nisbət də getdikcə artmaqdadır. Qərb dünyası və qərb ölkələrindəki ailə və boşanma hallarını eşitdikdə öz halımıza şükr edirik. Ordakı əlaqələrin hansı yönə əyildiyi, nə vəziyyətə düşdüyü, gənclərin necə pozulduğu, yeni doğumların nə qədər azaldığından yaxşı xəbərimiz var. Amma bizdəki boşanma halları qərb aləmindən çox da az deyil. Məsələ də burasındadır ki, qərb ölkələrində ailə zəminində problemlər daha çoxdur və cəmiyyətdə olan qadın kişi əlaqələrində çox fəsadlar vardır. Bizim cəmiyyətdə isə o problemlərin bəlkə də heç yarısı yoxdur, bəs niyə boşanma hadisələri bu qədər çoxalır? Təbii ki, ölkədə, ailə məsələləri ilə məşğul olan məsul şəxslər bütün vəziyyəti dərindən öyrənməli, lazımi şərtləri, qaydaları və həll yollarını müəyyənləşdirməlidirlər".
Nadir
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22