Daxili işlər naziri Vaxtanq Qomelauri Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

"Unika" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, səfir bu yaxınlarda Gürcüstanda fəaliyyətə başlayan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yeni təyin olunmuş attaşesi Adil Bağırovu daxili işlər nazirinə təqdim edib.

Vaxtanq Qomelauri onu Azərbaycan Respublikasının polis attaşesi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə tərəflər iki ölkə arasında hüquq-mühafizə sahəsində intensiv əməkdaşlığın vacibliyini vurğulayıblar. Daxili işlər naziri əməkdaşlığın daha da dərinləşməsində polis attaşelərinin mühüm roluna diqqət çəkib.

Tərəflər gələcək perspektivlərdən də danışıb, gələcəkdə müxtəlif istiqamətlərdə əməkdaşlığı fəal şəkildə davam etdirməyə hazır olduqlarını bildiriblər.