Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində qadın fermerlərə göstərilən dəstək tədbirləri davam edir.
"Unikal" xəbər verir ki, təsərrüfatlarının inkişafı üçün dəstək göstərilən fermerlərlə Ağdam rayonunda görüş keçirilib. Görüşdə Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev və qadın fermerlər iştirak ediblər.
Görüşdə çıxış edən nümayəndələr AFAQ layihəsinin regionlarda aqrar məşğulluğun artırılması, qadın fermerlərin aqrar fəaliyyətə təşviqi və ailə təsərrüfatlarının inkişafında mühüm rolu olduğunu vurğulayıblar. Bildirilib ki, layihə çərçivəsində göstərilən dəstək qadın fermerlərin işini stimullaşdırır və onların daha çox gəlir əldə etməsinə imkan yaradır.
Xatırladaq ki, layihə çərçivəsində Ağdam, Bərdə, Ağcabədi, Beyləqan regionlarında “Xarici cins südlük heyvanların saxlanılması” mövzusunda 200-dən çox fermer üçün təlimlər keçirilib. Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzində xarici cins almaq istəyən fermerlərlə görüşlər təşkil edilib, xidmətlər barədə fermerlərin sualları cavablandırılıb. Ağdam rayonunun Mahrızlı, Nəmirli, Qaradağlı, Rzalar, Xındırıstan, Zəngişalı kəndlərində və Dörd yol qəsəbəsində yaşayan və təlimlərdən uğurla keçən 12 fermer 22 xarici cins heyvanların alınması ilə bağlı müraciət edib. Müraciətlər aidiyyatı üzrə qurumlara yönləndirildikdən sonra damazlıq heyvanların güzəştli satışı həyata keçirilib.
Qadın fermerlər əvvəlcədən aparılan qiymətləndirmə sorğularına əsasən təsərrüfatlarının ehtiyacları üzrə kənd təsərrüfatı avadanlıqları (12 ədəd havalandırma sistemi, 4 ədəd süd sağan aparat, 12 ədəd ot doğrayan aparat, 22 ədəd heyvanlar üçün xüsusi döşəklər) ilə təmin olunublar. Həmçinin, 1 il müddətində həmin fermerlərə ödənişsiz baytarlıq, təcili tibbi baytarlıq xidmətləri göstəriləcək və heyvandarlıq təsərrüfatları 2 aylıq qüvvəli yem ilə təmin olunacaqlar.
Qeyd edək ki, bugünədək layihəyə 1350-yə yaxın müraciət daxil olub, layihənin şərtlərinə cavab verən 286 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 189 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində 388 qadın fermer nəzəri və praktiki təlimlərdə iştirak edib.