Noyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Noyabr -Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Vətən Müharibəsində şəhid olmuş ADNSU məzunlarının xatirəsinə salınmış kompleksin önünə əklil qoyulması ilə başlanan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov iştirakçıları salamlayaraq Zəfər Günü münasibətilə onları təbrik edib. Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi və müdrik rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gündə yazdığı şanlı Zəfər tarixindən danışan dosent Vazeh Əskərov bu qələbəni bizə yaşadan qəhrəmanlarımız arasında ADNSU-nun da 23 nəfər şəhid məzununun xatirəsinin univesitetdə hər zaman uca tutulduğunu və daim iftixar yeri kimi qalacağını qeyd edib.
Sonra Zəfər gününə həsr olunmuş film nümayiş olunub.
ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev 44 günlük Vətən müharibəsindən, qazandığımız əbədi zəfərdən və qəhrəman oğullarımızın Vətən uğrunda göstərdikləri fədakarlıqlardan danışıb.
Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri və yaxınları tarixi qələbədə payı olan şəhidlərlə bağlı xatirələrini bölüşüb, onlara göstərilən dərin ehtirama görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.