Nepal prezidenti Ramçandra Paudelin noyabrın 8-nə planlaşdırılan Avropa səfəri təxirə salınıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, prezidentin baş katibi Sureş Çandra Çalize bildirib ki, Fransa, İtaliya və Almaniyanı əhatə edən 10 günlük səfər ölkədəki mövcud vəziyyətə görə təxirə salınıb.
“Cümə günü baş verən zəlzələdən sonra ölkə böhran vəziyyətindədir. Təbii fəlakətin yaratdığı böhrana görə xalq matəm içindədir. Buna görə də prezident səfəri təxirə salmaq qərarına gəlib”, – Çalize bildirib.
Qeyd edək ki, bu, Paudelin bu ilin martında dövlət başçısı vəzifəsinə başladıqdan sonra ilk rəsmi səfəri olmalı idi.
Dövlət başçısı noyabrın 10 və 11-də Parisdə keçiriləcək Paris Sülh Forumu 2023-də iştirak etməli idi.
Noyabrın 3-də Karnalidə Cajarkot və Qərbi Rukumda baş verən 6,4 bal gücündə zəlzələ azı 153 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına və minlərlə insanın evini tərk etməsinə səbəb olub.
Dövlət başçısı vəziyyəti daha yaxından öyrənmək üçün zəlzələdən zərər çəkmiş bölgələrə səfər etməyi planlaşdırır.
Nuranə Abbasova