“Reabilitasiya dövrü çətin oldu. Amma hansısa formada ayağa qalxmaq və gələcəyə baxıb hərəkət etmək lazım idi”.
"Unikal" xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Vətən müharibəsində Qubadlı uğrunda gedən döyüşlərdə hər-iki ayağını itirən Polad Rzayev deyib.
Onun yenidən ayağa qalxması hamı üçün, ən çox da Vətən müharibəsi qaziləri üçün böyük stimul idi. P. Rzayev bu gün zirvələri fəth edir, idmanla məşğul olur, hətta hobbi kimi futbol da oynayır:
“Ötən aylarda Elbrus zirvəsini fəth etdim. Oranı fəth edib geriyə qayıtmaq təqribən 12-13 saat çəkdi. Ona görə də futbolda 90 dəqiqə mənim üçün heç nədir”.
Xidmət dövründə də alpinizmlə məşğul olduğunu söyləyən qazi yaralanmazdan əvvəl dünyada dördə yaxın zirvəni fəth etdiyini vurğulayıb: “Amputasiya zamanı həkimlərin qarşısına şərt qoydum: ayaqlarımı elə düzəltməlisiniz ki, mən yenə dağlara çıxa bilim. Qazi olduqdan sonra alpinizmə davam etmək üçün “Heydər Əliyev” zirvəsini seçdik. Çünki bu il Ulu Öndərin anadan olmasının 100 illik yubileyidir”.