Noyabrın 3-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Humantiar fənlər kafedrasının müəllimi Aygün Bağırzadənin ssenarisi əsasında “Zəfər günü”nə həsr olunmuş “Zəfər yolu” adlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbir 44 günlük Vətən müharibəsində şəhadətə ucalan şəhidlərin əziz xatirəsini yad etməklə başlayıb, Azərbaycanın Dövlət Himni səsləndiriilib.
Tədbiri açıq elan edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, profesor Hüseyn Qaraşov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı möhtəşəm Zəfərdən danışaraq qeyd etdi ki, bu qələbə Azərbaycan tarixinin ən şanlı səhifəsi olaraq gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi.
“Zəfər yolu” adlı bədii kompozisiyada TGT, THİK, Yeni klub və Akademiyanın istedadlı tələbələri Azərbaycan xalqının ən qədim zamanlardan bu günə qədər olan igidliyini, mübarizliyini nümayiş etdirdilər.
Sonda 2013-cü il Muğam Televiziya müsabiqəsinin diplomantı Murad Kəngərli “Turan ellərinə salam söyləyin” və “Gəz Qarabağda” mahnılarını ifa etdi.