Ermənistanda bundan sonra nə olacaq?
12:06 13-04-2013
İQTİSADİYYAT
Ermənistanda bundan sonra nə olacaq?
Viranədə and içənlər və ya abdal hakimiyyətlə bacarıqsız müxalifət
Yerevandakı Karen Dəmirçyan adına İdman-Konsert Mərkəzində Ermənistan parlametinin xüsusi iclası keçirildi. İclas əsnasında Serj Sarkisyan ikinci prezidentlik səlahiyyətlərinə başlaması ilə əlaqədar and içdi.
Parlamentin spikeri Ovik Abramyan toplantının aparıcısı idi. O, ilk əvvəl 92 deputatın yığışdığını və buna görə də kvorum olduğunu dedi.
Sonra isə o, təntənəli iclasın başlandığını bəyan etdi. Zala Ermənistanın dövlət bayrağı, Konstitusiyanın orijinalı, 7-ci əsrin İncili və prezident hakimiyyətinin simvolu gətirildi.
Sarkiyan əvvəlcə Konstitusiyaya, sonra da İncilə əl basaraq and içdi. Andiçmə mərasimindən sonra o, 2008-ci ildə əsasını qoyduğu "ənənə"yə əsasən, Yerablur panteonuna baş çəkib. Sarkisyanı Yerevandakı "Pokr
Mher" və "Monte Melkonyan" adına hərbi məktəblərin ən yaxşı kursantları müşayiət edirdilər.
Panteonda Sarkisyan mərhum baş nazir Vazgen Sarkisyan və qulağıkəsik Andranik Ozanyanın məzarlarına çiçək qoyub. Toplar atəş açıb, Sarkisyan iqamətgahına dönüb. Burada o, mini hərbi-paradı qəbul edib.
Daha sonra iqamətgaha daxil olan Serj Sarkisyan baş nazir Tiqran Sarkisyanı dinləyib və hökumətin istefasını qəbul edib. Elə həmin gün Ermənistan prezidentliyinə sabiq namizəd, İrs Partiyasının sədri Raffi Hovannisyan Yerevandakı Azadlıq meydanında mitinq keçirib.
Mitinqdən sonra aksiya iştirakçıları Baqramyan və İsaakyan küçələrinə yığışaraq prezident iqamətgahının binasına yürüş etmək istəyiblər. Lakin polis onların qarşısını alıb, onlarla şəxs həbs olunub.
Tutulanlar arasında fevralın 18-də keçirilmiş prezident seçkilərinin autsayderi Andreas Qukasyan tutulub, Raffi Hovannisyanın müavini Armen Martirosyanın burnu sındırılıb. Daha sonra Hovannisyan yenidən meydana, oradan da Baqramyan küçəsinə qayıdıb, tərəfdarlarıı oturaq aksiyaya çağırıb.
İrs Partiyasının sədri, prezident seçkilərində səslərin 36,74 faizini toplamış Raffi Hovannisyanın "Hello Revolution" aksiyası uğursuzluqla başa çatıb. Lakin o bildirib: "Konstitusiyaya və xalqa and içmişəm ki, aksiyalar davam edəcək. Serj Sarkisyan hakimiyyətdən kənarlaşdırılmayınca dayanmaq yoxdur".
Beləcə, Yerevanda "iki adamın inauqurasiyası" və ya "ikiqat anliçmə" oldu.
Serj Sarkisyanın anidiçmə mərasimində simvolizm çox idi. Əvvəla, mərasimin parlamentdə yox, İdman-Konsert Kompleksində keçirilməsi bir daha göstərdi ki, Ermənistanda hakimiyyət uğrunda mübarizə 5 illik məsafəyə qaçışdır və qalib konsertdə səhnəyə çıxaraq baş rolu oynayır. İqtidardakı partiyaya sədrlik bu zaman səhnədə opera partiyasının ifaçısına dönür və sonradan da həmin "qalib" sevincək tərəfdarlarına nikbin, eyni zamanda sərt nəzərlərlə baxır.
Yerevanda hakimiyyətin nəzarətində olan media maraqlı ifadə işlətdi: "Sarkisyanın 2008-ci ildə əsasını qoyduğu ənənə". Serj Sarkisyanın 2008-ci ildəki prezident seçkilərində "qələbə"sindən sonra onun vur-tut bir dəfə, yəni bu ilin fevralın 18-də prezident seçkilərinə qatıldığını nəzərə alsaq, iki dəfə icra edilən və əslində təkrarlanan əməllər toplusuna "ənənə" demək bir qədər paradoksal təsir bağışlayır.
Həmin "ənənə"nin özü də tragikomikdir, çünki Ermənistan prezidenti işğalçılıq əməliyyatlarında cəhənnəmə vasil edilmiş ermənilərin məzarlarını ziyarət edir. Bu zaman onu Livan ermənisi, Dağlıq Qarabağda yüzlərlə dinc azərbaycanlıya divan tutmuş terrorçu dəstənin başçısı, Qarabağda gəbərdilmiş Monte Melkonyanın adını daşıyan hərbi məktəbin "ən yaxşı kursantları" müşayiət edir. Və ən nəhayət, Sarkisyan Yerablur məzarlığında Andranik Ozanyanın, yəni təkqulaq Andranikin qəbrinə çiçək qoyur.
20-ci əsrin əvvəllərində on minlərlə türk və azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsinə birbaşa başçılıq etmiş cəlladın anılması da Yerevandakı hakimiyyətin köhnə-təzə başçısı üçün simvolik ayin sayıla bilər.
Demokratik islahatlar, insan haqlarının təminatı, qonşu dövlətlərlə normal və sivil ikitərəfli münasibətlər, aqressiv siyasətin yolverilməzliyi və s.-dən bəhs edən Yerevan hakimiyyəti Sarkisyanın "ənənə"si adlandırılan mərasimlə mahiyyətini, xislətini bir daha göstərdi. Çünki terrorçunun adını daşıyan hərbi məktəbin gənc kursantları ilə 20-ci əsrin əvvəllərində qanlar tökmüş terrorçunun xatirəsinin yad edilməsi Serj Sarkisyanın terroru dövlət siyasəti qismində qəbul etdiyinə dəlalət edən nüanslardan biri sayıla bilər. Amma konsert kompleksində and içəndən ayrı nə isə gözləmək çətindir: illah da ki, onun inauqurasiyası günü Yerevandakı Azadlıq meydanında "geniş xalq etirazı" adlı başqa bir siyasi konsert yaşanırdı.
Mərasimin özü də məzhəkədir. İnauqurasiya sözü latın dilində "İnauquro", yəni "andiçmə" kəlməsindəndir. Bunun üçün "augures"lər, yəni avqurlar - anidçmə mərasimini aparan xüsusi kahinlər gərəkdir. Qədimlərdən bəri mərasimdə andın içilməsi önəmli rol oynamır. Əsas məsələ ali kahinin və ya keşişin yeni hökmdarın hakimiyyətini tanıması, təsdiqləməsi və xeyir-dua verməsi idi.
Məsələn, Napoleon Bonopart dövlət çevrilişi nəticəsində əvvəlcə Frasanın baş konsulu oldu, sonra isə rəqabətsiz seçkilərdə əbədi konsul "seçildi". Korsikalı tirana bu da az göründü və iki il sonra Roma Papası 7-ci Piy inauqurasiya mərasimi keçirərək Napoleonla bahəm, onun arvadı Jozefinanın başına imperator tacı qoydu.
Demokratik ölkələrdə inauqurasiya mərasimi hakimiyyətin təhvil və təslim aksiyasının rəsmiləşdirilməsi, qanuniləşdirilməsi baxımından önəmli simvolik olaydır. Amma Ermənistan demokratik ölkə deyil ki. Üstəlik, Ermənistan əhalisinin tam əksəriyyəti müəyyən xristian ayinlərinə yada düşəndə riayət edən ateistlərdir.
İrs Partiyasının sədri Raffi Hovannisyan özünə əl qatır və bu amili nəzərə almaq istəmir, arxaik ayinləri qanuni proses sayır. "Yeni Ermənistanda and içmək" nədir - bunu Serj Sarkisyanın özü də bilmir, çünki Yerevandakı inauqurasiya mərasimində kim kimə niyə and içdi, ayinin hansı siyasi və ya mənəvi əhəmiyyəti var - bilinmir.
Əslində, Ermənistan bir dövlət kimi 1991-ci ilin sentyabrın 21-dən mövcuddur və 22 illik tarixi olan, indi səfil və zəlil kökdə yaşayan ölkəyə saxta "qədim dövlətçilik ənənələri"ni pərçimləmək gülünc təsir bağışlayan əməldir.
Serj Sarkisyanın andiçmə mərasimi hakimiyyətin müəyyənləşdirdiyi prosedurlardan biri olduğu üçün xüsusi maraq kəsb etmir. Elə prosedurun gedişi də göstərdi ki, Yerevan iqtidarı özü üçün cızdığı konturları keçmək və çərçivədən kənara çıxmaq niyyətində deyil.
İrs Partiyasının sədri Raffi Hovannisyanın açıqlamaları, davranışı, hərəkətləri və hətta vədləri belə, çərçivələrdən kənar deyildi. Daha doğrusu, onun bütün hərəkətləri erməni müxalifətinin son illərdəki fəaliyyəti müstəvisindəki oyunlar traektoriyası üzrə idi və bu adam heç olmasa fərdi çərçivələrindən də kənara çıxa bilmədi.
Əslində, Serj Sarkisyanın prezident kimi and içdiyi gündə Yerevanda və ya Ermənistanda əhəmiyyətli, ciddi və ya dönüş yarada biləcək aksiyalar, əməllər və ya hərəkətlər gözləmək sadəlövhlük idi. Belə hallarda həmişə cəmiyyətdə qədərindən artıq, əsassız nikbinliyə və bir qədər də qorxaq qətiyyətə söykənən özləntilər olur.
Hovannisyan da bu dəfə inauqurasiya mərasimi ilə bağlı narazı vətəndaşlardakı energetikadan yararlanaraq hakimiyyətdən bezənlərdən yararlanmaq və onların hisslərini generasiya etmək istəyirdi. Onun başqa çıxış yolu yoxdu. Sarkisyana qarşı "sonadək mübarizə aparacağam" deyən Raffi ya əməlləri vasitəsilə davranışına haqq qazandırmalı və yalançı olmadığını göstərməli, ya da cəmiyyətə normal mesajlar verməli idi. Di gəl, İrs Partiyası sədrinin Yerevandakı Azadlıq meydanındakı "andiçmə mərasimi" yumşaq desək, birmənalı olmayan təəssürat yaratdı.
Özünü Sarkisyanın alternativi, müxalifətin lideri və az qala Ermənistanın ümidi elan edən Hovannisyan nə hakimiyyəti ələ keçirmək üçün məntiqi addımlar atdı, nə də irrasionallıqdan uzaq bəyanatlarla çıxış etmədi.
Onun çıxışları əvvəlki təki, qarışıq, emosional, paradoksal, bəzən isə sərsəm idi. Təbii ki, ermənilər "yeni ümid"in nə demək istədiyini, cəmiyyətə hansı mesajlar çatdırmağa can atdığını anlamadılar. Üstəlik, Hovannisyanın qorxaqlığı, bravur şəkildə "Hello Revolution" adlandırdığı aksiyanın ən qızğın vaxtında tərəfdarlarını ataraq harasa itməsi, sonra ara bir qədər sakitləşəndə yenidən peyda olması, hadisələrin bundan sonrakı inkişaf məcrası ilə bağlı hər hansı təsəvvürə malik olmaması və ümumiyyətlə, mübarizə stilinin yoxluğu qəribə təsir bağışladı.
Çox ciddi problemlərdir ki, onları Raffi Hovannisyan prezident seçkilərindən sonra nəzər almadı və Sarkisyanın anidçmə mərasimi günü də inadkar idiotizm səviyyəsinə çatacaq hiyləgərliklə təkrarladı.
Xatırladaq ki, aprelin 5-də Hovannisyan Yerevandakı Azadlıq meydanında proqram nitqi ilə çıxış edəcəyini bildirmiş, amma həmin nitqin əvəzinə tribunadan növbəti emosional, patetik çıxış səsləndi.
Söz yox, siyasətdə belə nitqlər və çıxışlar kütləyə təsir baxımından pis vasitə deyil. Lakin vasitədən vaxtında, qədərində və ağılla istifadə olunmalıdır.
Ermənistanda müxalifətin pafosu artıq neçənci dəfə məzmunu boğdu.
Raffi Hovannisyan yenə söz verib. Dediyinə görə, növbəti mitinqdə proqram nitqi ilə çıxış edəcək.
Bu isə hakimiyyətin "X saatı"nı yaxınlaşdırmaq əvəzinə müxalifətə artıq "X saatı"nı yaşadır.
Ermənistanın çağdaş siyasi tarixi prezident seçkilərində məğlub olsa da, çığırıb-bağırmağa davam edən növbəti uğursuz namizədlə zənginləşdi.
Belə namizədlər çox, onların perspektivləri isə təkdir...
Novruz Sultanov
Digər Xəbərlər
2024-11-27 13:26:40
2024-11-27 13:25:31
2024-11-27 12:57:54
2024-11-27 12:53:29
2024-11-27 12:39:39
2024-11-27 12:38:08
2024-11-27 12:26:45
2024-11-27 12:11:51
2024-11-27 12:06:18
2024-11-27 11:49:33
2024-11-27 11:02:43
2024-11-27 10:34:49
2024-11-27 10:03:36
2024-11-27 09:29:02
2024-11-27 09:23:00
2024-11-27 09:15:47
2024-11-27 09:11:06
2024-11-26 17:09:25