Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Unikal" xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən o, 15 il müddətə azadlıqdan məhrum edilib.

Bununla da cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

***

14:27

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

"Unikal" xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

V.Xaçatryanın vəkili Radmila Abılovaya müdafiə çıxışı edib. Daha sonra V.Xaçatryan son söz deyib.

Daha sonra məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.

***

11:08

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçirilir.

"Unikal" xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Məhkəmə prosesində dövlət ittihamçısı - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov çıxış edib.

O qeyd edib ki, Vaqif Xaçatryanın cinayət işi o qədər də sadə bir məsələ deyil: "Bütün məhkəmə proseslərində Azərbaycan tərəfi kifayət qədər öz humanistliyini göstərib. Biz Vaqif Xaçatryanın saxlandığı andan etibarən istintaq prosesini diqqətlə izləmişik. Vaqif Xaçatryan Penitensiar Xidmətin əməkdaşlarının alicənab davranışı ilə üzləşib. İstintaq prosesində ona qarşı hər hansı təzyiq olmayıb. Bu, Azərbaycanın humanistliyidir. Ermənistanda vaxtilə həbs edilən soydaşlarımız kifayət qədər işgəncə və təzyiqlərlə üzləşiblər. Amma biz Vaqif Xaçatryana o münasibəti göstərmədik".

Dövlət ittihamçısı V.Xaçatryanın 15 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. O, cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Daha sonra müdafiə çıxışı üçün söz V.Xaçatryanın vəkili Radmila Abılovaya verilib. O, çıxış üçün vaxt istəyib.

Hazırda prosesdə fasilə elan olunub.

***

10:27

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.

"Unikal" xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edir.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılır.

Hazırda dövlət ittihamçısı çıxış edir.

***

09:35

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.

"Unikal" xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Bu gün prokuror təqsirləndirilən şəxsə cəza tələb edəcək. Daha sonra vəkil müdafiə çıxışı edəcək, Vaqif Xaçatrayan isə məhkəmədə son söz deyəcək.

İş üzrə məhkəmədə hökm oxunması gözlənilir.

Qeyd edək ki, 1991-ci ildə baş verən Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.