Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alan 1990-cı il təvəllüdlü Etibar Sarıyev ambulator müalicə üçün evə buraxılıb.

Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən "Unikal"a verilən məlumata görə, cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyevin vəziyyəti kafi, Travmatologiya şöbəsində müalicə alan 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın  vəziyyəti isə stabil qiymətləndirilir.

Qeyd edək ki, oktyabrın 28-də Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Sumqayıt şəhər prokurorluğu və Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində əvvəllər məhkum edilmiş 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov və Susana Karakaşı qəsdən öldürməsi, Tərlan Fərəcova və Serkan Karakaşı, eləcə də onlara köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş tədbirlərlə cinayətin törədilməsində istifadə edilən “İJ-18” markalı tüfəng, patronlar, barıt, benzin və digər əşyalar saxlandıqları yerlərdən aşkar edilərək götürülüb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Müşfiq Tağıyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki şəxsi öldürmə) 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29, 186.2.1, 29, 186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd) və 229.1-ci (qanunsuz olaraq partlayıcı qurğuları hazırlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.