Fransa Milli Olimpiya Komitəsi (MOK) 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) ərizə təqdim edib.

"Unikal" xəbər verir ki, bu barədə Fransa MOK-un mətbuat xidməti məlumat yayıb.

"Bu gün BOK-a təqdim olunan bu sənəd iyul ayından bəri birgə işimizin nəticəsidir. Bu, bizim yeni formatda Oyunların keçirilməsinə dair ambisiyalarımızın nümayişidir" - Fransa MOK-un prezidenti David Lappartient bildirib.

Oyunların Fransanın iki bölgəsində keçiriləcəyi güman edilir: Auvergne - Rhone-Alp və Provence - Alp - Cote d'Azur. Fransa MOK 2030-cu ildə Olimpiadaya ev sahibliyi etmək arzusunu iyul ayında açıqlayıb və Fransanın idman naziri Ameli Oudea-Kastera Fransa hökumətinin bu təşəbbüsü dəstəklədiyini bildirib.

ABŞ, İsveç və İsveçrə də 2030-cu il Olimpiadasına ev sahibliyi etməyə iddialıdır. 2024-cü ildə Paris iyulun 26-dan avqustun 11-dək keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək.