Türkiyə hakimiyyəti Akkuyu atom elektrik stansiyasının ilk enerji blokunu 29 oktyabr 2024-cü ildə işə salmağa ümid edir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar A Para telekanalının efirində bildirib.
"Ümid edirik ki, ilk reaktor 2024-cü il oktyabrın 29-da istifadəyə veriləcək. Qalan reaktorların 3-4 il ərzində istifadəyə verilməsi planlaşdırılır. Akkuyu ölkəmizdə istehsal olunan elektrik enerjisinin təxminən 10 faizini istehsal edəcək", - nazir bildirib.
Akkuyu Türkiyədə tikilən ilk atom elektrik stansiyasıdır. Layihə 2010-cu il mayın 12-də Rusiya Federasiyası ilə bağlanmış Akkuyu ərazisində atom elektrik stansiyasının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir. Layihə Rusiya layihəli VVER nəsil 3+ reaktorları ilə dörd enerji blokunun tikintisini nəzərdə tutur. Atom elektrik stansiyasının hər blokunun gücü 1200 MVt olacaq.