İtaliya və ABŞ polisi Nyu-Yorkun beş böyük mafiya ailəsindən biri olan Qambino ailəsinə qarşı əməliyyat keçirib

"Unikal" xəbər verir ki, birgə əməliyyatda İtaliyada 7, ABŞ-də isə 10 nəfər mafiya üzvü olmaqda şübhəli bilinərək saxlanılıb.

İtalyan polisi iki ildir davam edən istintaqın Nyu-Yorkdakı Qambino ailəsini və Siciliyadakı bəzi filiallarını hədəf aldığını bildirib. Polisin verdiyi açıqlamada, istintaqın "Nyu-York və Siciliyadakı mafiya üzvləri arasında əlaqələrin möhkəmliyini və amerikalıların Siciliya Kosa Nostra'nın təşkilati işlərində maraqlı olduğunu ortaya çıxardığı" ifadə edilib. 

Qambino ailə üzvləri əvvəllər də qətl, kredit alveri və qanunsuz narkotik paylanması kimi cinayətlərdə günahlandırılıblar. 

İtaliya polisi bildirib ki, saxlanılan italiyalı şübhəlilər mafiya əlaqələri və digər əlaqəli ittihamlarla, ABŞ-də saxlanılan şübhəlilər isə mafiya əlaqələri, şantaj və qəsb, yandırma, sui-qəsd və tenderlərin saxtalaşdırılması kimi ittihamlarla üzləşiblər.