"Biz qara qızılımızı insan kapitalına çevirməyi qarşımıza məqsəd qoymuşuq. Qələbəmiz də insan kapitalını gücləndirməlidir. Bunun üçün elm və təhsilin sürətli inkişafına nail olmalıyıq. Kim təhsildən və elmdən uzunmüddətdə nəticələr gözləyirsə, o islahatın əleyhinədər. Biz 32 ildir müstəqil dövlətik. Bu az zamandır? Büdcə layihəsi ilə tanışlıqdan görürük ki, təhsilə və elmə ayrılan vəsait bu il də artırılıb və bunu dəstəkləyirik. Təhsil xərcləri üçün ayrılmış vəsaitin 2 milyard 372 milyon manatı və ya 51,2 faizi ümumi təhsil xərclərini təşkil edir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Etibar Əliyev deyib. O bildirib ki, kölgə təhsili, repetitorluq da ilbəil artır: "Təhsil tədqiqatçıları Bark Breyn və Çeyd Likinz 30-dan çox ölkədə bu istiqamətdə tədqiqat aparıblar. Azərbaycanda yuxarı sinif şagirdlərinin 93 faizi bu xidmətdən istifadə edir. İbtidai təhsil pilləsində təhsil alan uşaqlar da bütövlükdə repetitor təhsilinə cəlb olunublar. Hər bir valideyinin övladının təhsilinə illik xərclədiyi pul dövlətin 1 şagirdə xərclədiyi vəsaitdən 3-4 dəfə çoxdur. Əlbətə ki, məktəb öz funksiyasını layiqincə yerinə yetirə bilsəydi bu vəsait şagirdlərin geyiminə və qidalanmasına xərclənərdi və daha sağlam nəsil yetişmiş olardı. Uşaqların dərsdən yayınma halları gələcəyimiz üçün böyük fəsadlara səbəb olacaq. Biz hər dəfə bunu deyirik, lakin nəticə yoxdur".
Deputat qeyd edib ki, cari tədris ilində bütün ixtisas qrupları üzrə abituriyentlərin təxminən 50 faizi 0-150 bal toplayıb: "Bu funksional savadsızlıqdır. Yuxarı sinif şagirdlərinin dərslərə davamiyyəti ən yaxşı halda 40 faizdir. Diaqnostik qiymətləndirmə, sertifikasiya imtahanları nəticəsində əməkhaqqı artımları və büdcədən ilbəil artan vəsaitin nəticəsi beləmi olmalıdır?"
Milli Məclisin sədri Sahibə Qafarova deputatın çıxışına cavab olaraq bildirib: “Reqlament olaraq 10 dəqiqə müəyyənləşdirmişik, yaxşı ki, 15 dəqiqə deyil. Heç olmasa, təhsildə olan uğurlardan, açılan məktəblərdən danışardınız. Siz elə danışdınız ki, elə bil ölkədə təhsil yoxdur. Özünüz təhsildən gəlmiş adamsınız. Bilirsiniz ki, təhsil sahəsində islahatlar 1 ilə, 2 ilə nəticə verə bilməz. Bunun üçün ən azı 6,7 il lazımdır".
Anar Kəlbiyev