Baş Prokurorluq soyuq silah və qaz silahının könüllü təhvil verilməsinin hüquqi nəticələri ilə bağlı vətəndaşlara müraciət edib.
Qurumdan "Unikal"a verilən məlumata görə, müraciətdə bildirilib ki, cinayət qanunvericiliyinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur (milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna hesab edilir). Bu əməllər 320 saatdan 400 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
Odur ki, vətəndaşları onlarda olan qanunsuz silahları təhvil verməyə çağırırıq.
Qeyd: Soyuq silaha birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları, sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar - beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir.
Qaz silahı dedikdə isə gözyaşardıcı, qıcıqlandırıcı, zəhərləyici, sinir-iflic və başqa güclü təsir göstərən digər maddələrin tətbiqi ilə canlı hədəfin müvəqqəti sıradan çıxarılması üçün nəzərdə tutulmuş silah başa düşülür.
Bundan başqa, gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahıdır.